ATU-nun Tələbə Gənclər Təşkilatının Hərbi tibb fakültəsi üzrə sədri Nəriman İskəndərovun təşkilatçılığı və fəal tələbələrdən İradə Həsənova, Rüfət Həsənli və Aytəkin Quliyevanın təşəbbüsü ilə tələbələrin çoxsaylı istəkləri nəzərə alınaraq, “Susmayan düşüncələr” adlı seminar keçirilib.
Tədbirin qonağı olan tanınmış psixoloq Aytac Nağılı tələbələrlə görüşün məqsədinin gənclərin öz daxili dünyalarını tanımalarına dəstək olmaq, onların özləri və ətraf mühitlə əlaqələrinə təsir edən başlıca amilləri şərh etmək, şəxsin daxili dünyasında apardığı səssiz söhbətlərin onun istək və motivasiyalarına necə təsir bağışladığını göstərmək olduğunu bildirib. Əlavə edib ki, görüşdə məqsəd həm də gənclərimizin fərqindəlik qazanaraq müəyyən qədər öz həyatlarına toxuna bilmələrinə dəstək olmaqdır: “Daha rahat və xoşbəxt necə yaşayaram” deyə özünə sual verə bilirsənsə, deməli, fərqindəlik yaratmağın və yaratdığın fərqindəlikdən istifadə etməyin zamanı gəlib çatıb”.
Psixoloq gənclərin mənəvi cəhətdən özlərini daha yaxşı tanımaları, daxili potensiallarını üzə çıxarmaları, problemi həlletmə bacarıqları haqqında ətraflı məlumat verib. Adətən yeniyetmə və böyüklərlə çalışdığını deyən A.Nağılı gənclərə bir sıra məsələlərin həllində soyuqqanlı olmağı, qarşılaşdıqları çətinlikləri təbii qəbul etməklə adiləşdirməyi tövsiyə edib. Psixoloq gəncliyi düşündürən məsələlərlə bağlı fikirlərini bölüşərək, onlar arasında yaranan münasibətlərin düzgün məcrada davam etməsinin istiqamətləri və nəticələri barədə geniş, məzmunlu söhbət aparıb.
İştirakçıların suallarına həssaslıqla yanaşan Aytac xanım cavablarında hər şeydən əvvəl onların özlərini tapmasına, qarşılaşdıqları çətinlikləri təbii qəbul etməklə çıxış yolunu müəyyənləşdirmələrinə psixoloji baxımdan köməklik göstərə bilib.
Tələbələrin böyük marağına səbəb olan seminarda, həmçinin Hərbi tibb fakültəsindən tibb xidməti polkovniki Şahin Süleymanov, Normal fiziologiya kafedrasının dosenti Rəşid Mahmudov və bir sıra kafedraların müəllimləri iştirak ediblər.