ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən “HƏYAT” teatr klubunun hazırladığı “Dörd divar arasında” tamaşası tələbələrin istəyi ilə yenidən səhnəyə qoyulub. Dəfələrlə səhnəyə qoyulmasına baxmayaraq, tamaşaya marağın azalmaması yaradıcı heyətin uğurudur.
İki il əvvəl hazırlanan dördpərdəli tamaşada müxtəlif vaxtlarda birotaqlı evə köçən 4 fərqli ailədən bəhs edilir. Ev sahibi hər 4 ailə ilə ayrı-ayrılıqda maraqlanır, onların dərdini-sərini özlərindən daha yaxşı bilir. Tamaşanın ilk pərdəsində söhbət 10 il evli olan, qızlarını təzə itirən bir yazıçı ailəsinin faciəli həyatından gedir. Sonrakı pərdədə cərəyan edən hadisələr ana və onun tələbə qızının hekayəsidir. Ananın pul və sevgi hərisliyi onların başlarına bəla olur.
Üçüncü pərdədə kirayənişin öz beyninin içindəki fikirlərlə toqquşur və həmin fikirlərin onu necə zülmətə çəkdiyini görürük. Dördüncü pərdədə isə ailə ata, ana və onların kiçik qızlarından ibarət, artıq müəyyən çətinliklər yaşamış ailədir. Ev sahibi ən sonda gələrək bu ailənin timsalında 4 divar arasında tək qalmamağın nə qədər gərəkli olduğunu başa salır. Elə tamaşa da ev sahibinin ibrətamiz nəsihəti ilə sona çatır: “Mən 27 ildir bu evi kirayə verirəm. Sizdən əvvəl bu evdə 4 ailə qalıb. Hamısı da bir-birindən fərqli idi. Bir bilsəniz, bu divarlar var ha, nələr eşidib, nələr duyub? Elə vaxt olub, içində qalan insanlarla birlikdə gülüb, ağlayıb. Elə vaxt olub ki, boş qalıbdı... Biri gəldi, ərindən yarımadı. O birisi gəldi, anasından yarımadı. Biri də özündən yarımadı, bunlar da bir-birindən. Yenə bu 4 divar, yenə mən. Siz siz olun, 4 divar arasında qalmayın”.
Əvvəllər olduğu kimi, XI teatr mövsümündə də öz rollarını məharətlə oynayan tələbə aktyorlar Dilbər Rahim (Həyat), Elbəy Cabbarlı (Yaşar), Gülgün Oktay (Firuzə), Fidan Rəhmanlı (Bəyaz), Nicat Əsədov (Bəxtiyar), Fəxri Qardaşov (Ziya), Leyla Cavadova (Təranə), Aytac Şükürlü (Lətafət), Nihad Novruzlu (Arif), Mirhəsən Cəfərov (O), Samirə Heydərova (Ofeliya), Səid Qənbərov (İlqar), Fidan Əsədli (Vəfa) və Nailə Əhmədova (ev sahibi) tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, Dilbər Rahimin ssenari müəllifliyi və rejissorluğu ilə məişət-psixoloji janrda səhnələşdirilən tamaşanın bədii rəhbəri Fidan Rəhmanlı, quruluşçu rəssamı Leyla Cavadova, işıq üzrə rəssamı Rahil Əhmədov, musiqi tərtibatçıları Dilbər Rahim və Zəhra Həsənli, geyim üzrə rəssamı Samirə Heydərovadır.