Azərbaycan Tibb Universitetinin Sitologiya, embriologiya və histologiya kafedrasının dosenti Tamilla Sultanova Türk Dövlətləri Təşkilatı Türk Universitetləri Birliyinin "Orhun" mübadilə proqramı çərçivəsində aprelin 29-dan mayın 12-dək Türkiyənin Niğde Ömer Halisdemir Universitetinin Tibb fakültəsində akademik fəaliyyət göstərib.
Proqram ərzində T.Sultanova Histologiya bölümü üzrə tədris proqramları ilə tanış olub, praktik məşğələ dərslərinə qatılıb, fakültənin elmi laboratoriyalarında olub, histologiyadan müvafiq bölümə uyğun preparatların sorğu imtahanında iştirak edib. ATU-nun dosenti Stomatologiya fakültəsi tələbələrinə “Embrional inkişafın ilk həftələri”, Müalicə fakültəsinin tələbələrinə isə “Ağız suyu vəziləri, pakreas, qaraciyər” mövzularında mühazirələr oxuyub.
8-22 may tarixlərində isə İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının müdiri, dosent Yaqut Hacıyeva eyni universitetdə akademik fəaliyyət göstərib. Y.Hacıyeva Xalq sağlamlığı kafedrasında tələbələrə müxtəlif ölkələrdə səhiyyə sistemləri və səhiyyə siyasəti, səhiyyə xidməti sahəsi ilə tanışlıq, cəmiyyətin sağlamlıq problemlərini və insanların səhiyyə xidmətinə ehtiyaclarını müəyyən etmək, ana və uşaq sağlamlığının monitorinqi, herontoloji problemlər və onların həlli, çoxtərəfdaşlı sağlamlıq yanaşmaları və s. kimi mövzularda mühazirələr oxuyub. Y.Hacıyevanın mühazirələri tələbə və müəllim heyəti tərəfindən maraqla qarşılanıb və ona təşəkkür sertifikatı təqdim olunub.