Bu günlərdə Özbəkistanın Əndican Dövlət Tibb Universitetinin nümayəndə heyəti Azərbaycan Tibb Universitetində olub, ATU-nun Elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərovla görüşüb.
Akademik və tələbə mobilliyi üzrə əlaqələrin genişləndirilməsi, birgə tədbir və layihələrin həyata keçirilməsi, əməkdaşlıq memorandumu barədə müzakirələrin aparıldığı görüşdə universitetin Müalicə işləri üzrə prorektoru Bahromjon Mirzakarimov, Uşaq cərrahiyyəsi kafedrasının müdiri, t.e.d. Jasurbek İbragimov, kafedranın dosenti Farruh Abdurahmonov iştirak ediblər. Onlar universitetin rektoru, professor Madamin Madazimovun salamlarını ATU-nun rektoru, professor Gəray Gəraybəyliyə çatdırmağı xahiş ediblər. Görüşdə ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşviq Orucov, söbə müdirinin müavini, dosent Nigar Ələkbərova və Rezindentura və magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilov iştirak ediblər.
Daha sonra qonaqlar ATU-dakı tədris prosesi və Tədris Cərrahiyə Klinikası ilə yaxından tanış olub, klinikanın direktoru Cavid Paşayev və Uşaq cərrahiyyəsi kafedrasının müdiri, professor Ramiz Poluxovla görüşüblər.
Qeyd edək ki, qonaqlar mayın 17-19-da Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, Səhiyyə Nazirliyinin K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu və Azərbaycan Uşaq Cərrahları Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən Uşaq Cərrahiyyəsi Günləri I Beynəlxalq Forumunda iştirak etmək üçün ölkəmizə gəliblər.