Azərbaycan Tibb Universitetinin II Müalicə-profilaktika fakültəsinin 3-cü kurs tələbələri Ailə təbabəti kafedrasında klinik bacarıqlardan imtahan (OSKİ) verib. Tələbələr əsasən, ağciyərlərin və ürəyin müayinəsi (palpasiyası, perkussiyası, auskultasiyası), arterial nəbzin müayinəsi və ölçülməsi, EKQ-nin təsviri və çəkilişi də daxil olmaqla, öz bacarıqlarını nümayiş etdiriblər.
İmtahanın gedişinə nəzarət edən II Müalicə-profilaktika fakültəsinin III-IV kurslar üzrə dekan müavini, dosent Arzu Bəydəmirova imtahanın qəbulunda kafedranın bütün əməkdaşlarının iştirak etdiyini bildirib. Onun sözlərinə görə, imtahanın nəticəsi 80 balla qiymətləndirilir və tələbələr üçün obyektiv şərait yaradılıb. Tələbələrin imtahanda göstərdiyi nəticələr qaneedici olub.
Kafedranın müdiri, professor İbrahim İsayev qeyd edib ki, imtahan prosesi zamanı tələbələr tərəfindən qayda pozuntularına yol verilməyib: “Universitetimizdə tədrisin keyfiyyətinin artırılması həmişə prioritet məsələ olub. Bu istiqamətdə hər il çoxsaylı qərarlar qəbul edilir. Hazırda ikinci semestrdir ki, bizim kafedrada OSKİ imtahanları uğurla həyata keçirilir. Gələcəkdə kafedrada digər fənlərdən də OSKİ imtahanlarının təşkil olması məsələsi gündəlikdədir”.