Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının (TCK) həkim-mikrobioloqu və Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun doktorantı Leyla Həşimova İspanyanın Bareselona şəhərində keçirilən 34-cü “Avropa Klinik Mikrobiologiya və İnfeksion Xəstəliklər Konqresi”ndə (ESCMID Global 2024) iştirak edib.
“Avropa Klinik Mikrobiologiya və İnfeksion Xəstəliklər Konqresi”i bu il 16 mindən çox mütəxəssisin iştirakı ilə baş tutub.
Konqresin elmi proqramlarının xüsusi sessiyaları çərçivəsində ESCMID Təcrübəli Assosiasiyası (TAE-Day) tərəfindən klinik mikrobiologiya və yoluxucu xəstəliklər sahələrində tanınmış ekspertlərlə gənc doktorantların görüşü təşkil olunub.
L.Həşimovanın sözlərinə görə, dəyirmi masada dünyanın müxtəlif ölkələrindən gənc doktorantlarla mikrobiologiya və yoluxucu xəstəliklər sahələrində fikir mübadiləsi apararaq, ekspertlərdən tövsiyyələr alıb.
Qeyd edək ki, Leyla Həşimova ESCMID Global “Tək Sağlamlıq” başlığı altında İncəsənət Qalereyasında keçirilən müsabiqədə “One Health under the threat of AMR” adlı iş ilə iştirak edib.