Azərbaycan Tibb Universitetində buraxılış üzrə Dövlət Attestasiya komissiyalarının sədrləri ilə görüş keçirilib. Görüşdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli 2023/2024-cü tədris ilində buraxılış Dövlət Attestasiyasına hazırlıq işləri ilə bağlı ətraflı məlumat verib.
Bu istiqamətdə görülən işləri qənaətbəxş qiymətləndirən rektor, imtahanların mütəşəkkil keçirilməsi üçün kollektiv qarşısında duran vəzifələri bir daha diqqətə çatdırıb. O, imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin iki mərhələli qiymətləndirilməsində şəffaflığın və obyektivliyin tam təmin olunmasının vacibliyini vurğulayıb.
İclasda çıxış edən Tədris işləri üzrə prorektor, professor Sabir Əliyev keçiriləcək imtahanlarda bilik və bacarıqların yoxlanılması məqsədilə istifadə olunacaq qiymətləndirmə alətləri barədə məlumat verib.
Tədris departamentinin rəhbəri, dosent Kamandar Yaqubov sessiyanın təşkili ilə bağlı zəruri məsələləri iclas iştirakçıların nəzərinə çatdırıb. O, universitet rektorunun təşəbbüsü ilə 2020-ci ildə İctimai səhiyyə fakültəsinin tərkibində “Tibb bacısı işi” və “Fizioterapiya və tibbi reabilitasiya” ixtisaslarının yaradıldığını xatırladıb. Qeyd edib ki, bu tədris ilində həmin ixtisaslardan ilk buraxılış olacaq. Buraxılış kursun imtahanlarının iyunun 24-də yekunlaşması nəzərdə tutulub. 28 iyunda isə “Məzun günü” keçirilməsi planlaşdırılır.
Görüşdə Dövlət Attestasiya komissiyalarının fakültələr üzrə sədrləri - Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru, professor, tibb üzrə elmlər doktoru Cəmilə Qurbanova, Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini, tibb üzrə elmlər doktoru Fuad Quliyev, Milli Onkologiya Mərkəzinin baş direktorunun elmi işlər üzrə müavini, professor, tibb üzrə elmlər doktoru Murad Məmmədov, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Lalə Quliyeva, “Zeytun pharmaceuticals” MMC-nin baş mütəxəssisi, biologiya üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmbəyov və Milli Müdafiə Universiteti rektorunun elm üzrə müavini, Hərbi Elmi-Tədqiqat İnstitutunun rektoru, general-mayor Arif Həsənov, o cümlədən fakültə dekanları iştirak ediblər.