Dövlət orqanlarında çalışan yüksək vəzifəli şəxslərə respublikanın təhlükəsizliyi və müdafiəsi ilə bağlı hərbi-siyasi, hərbi-strateji və hərbi-iqtisadi məsələlərin öyrədilməsi məqsədi ilə Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda Azərbaycan Respublikası Prezidentinin 20 fevral 1999-cu il tarixli Fərmanı ilə yaradılmış Strateji araşdırmalar və dövlət müdafiəsi idarəetmə akademik kursu fəaliyyət göstərir.
Akademik kursun tədris proqramına uyğun olaraq 29 may 2024-cü il tarixdə “Azərbaycanda səhiyyə və onun milli gücə təsiri” mövzusunda mühazirə dinlənilib. Həmin mühazirəni Azərbaycan Tibb Universitetinin İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının dosenti Fərəh Baxışlı oxuyub.
Üç hissədən ibarət mühazirə dolğun və informativ prezentasiyalarla təqdim olunub, interaktiv formada keçirilib və dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.