Strasburq Universitetinin professoru, Fransanın Milli Elmi Araşdırmalar mərkəzinin (CNRS) işçisi, eyni zamanda Azərbaycan-Fransız Universitetinin (UFAZ ) Elmi Araşdırma Departamentinin kimya üzrə direktoru, professor Christophe Serra və UFAZ-ın kimya üzrə elmi koordinatoru Maxime Florent ATU-nun Əczaçılıq fakültəsini ziyarət ediblər.
Farmakoqnoziya kafedrasının baş müəllimi Xuraman Mustafayevanın təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində ATU-nun Elmi Departamentinin müdiri, professor Eldar Qarayev və Əczaçılıq fakültəsinin dekanı, dosent Fərəh Mədətlinin iştirakı ilə görüş keçirilib.
Həmçinin C.Serra və M.Florent Farmakoqnoziya kafedrasının müdiri, professor Cavanşir İsayev, Əczaçılıq kimyası kafedrasının müdiri, professor Tahir Süleymanov və digər əməkdaşlarla görüşüb, fakültənin laboratoriyaları ilə tanış olub, mümkün elmi əməkdaşlıqlar haqda müzakirələr aparıblar. Söhbət əsnasında polimerlərdən dərman daşıyıcıları, dərman bitkilərinin müasir analiz üsulları, bioloji fəal maddələrin spektroskopik analiz üsulları mövzularına toxunulub.