1 iyun Beynəlxalq Uşaqlar günü münasibətilə yenidoğulmuşlarda ölüm və ağırlaşmaların azaldılması yollarına həsr edilmiş "Bəslənmənin problemləri" mövzusunda seminar keçirilib. Həkim, rezident və tibb bacılarının iştirak etdiyi seminarda sağlam,xəstə və yarımçıq doğulmuşların bəslənməsinin müxtəlif aspektləri dəyərləndirilib, mövzu ilə əlaqədar ətraflı müzakirələr aparılıb.
Seminarda ana südünün əhəmiyyətinə dair məlumat verilərək, bu cür bəslənmənin 0-6 aylıq uşaqlar üçün "qızıl standart" hesab olunduğunu vurğulanıb. Qeyd olunub ki, bu qida ilk 6 ayda körpə orqanizminin ehtiyac duyduğu enerji və qida maddələrinin hamısını, 6-12 ayda yarısını, 13-24 ayda isə üçdə birini qarşılayır.
Seminarda çıxış edənlər bildiriblər ki, vaxtından əvvəl doğulan uşaqlarda ana südü demək olar ki, həyatın mühafizəsini təmin edir. Digər tərəfdən, eyfiyyətinə və balanslaşdırılmış komponentlərinin tərkibinə görə ana südündə olan bioloji aktiv birləşmələri əvəz etmək mümkün deyil. Ana südü ilə qidalanma immun sistemini aktivləşdirir, allergik reaksiyaların, ani uşaq ölümü sindromunun, xroniki xəstəliklərin, eləcə də diabet və piylənmənin əmələ gəlmə riskini azaldır. Ana ilə körpə arasında erkən dövrlərdə tam emosional bağlılıq yaradır.
Seminarda qidalanmanın yeni doğulmuş körpələrin fiziki inkişafına təsirləri də qeyd olunub. Tədbir sual-cavab sessiyası ilə başa çatıb.