Azərbaycan Tibb Universitetinin Tələbə Elmi Cəmiyyətinin Şurası növbəti toplantısını keçirib. Tədbiri ATU TEC-in elmi rəhbəri Müşfiq Həsənov açaraq, tədbirin məqsəd və məramı barədə iştirakçıları ətraflı məlumatlandırıb. Bildirib ki, toplantını keçirməkdə məqsəd TEC-in Şurasının iş planına uyğun olaraq, yeni tədris ilində görəcəyimiz işi müzakirə etmək, keçdiyimiz tədris ilində əldə olunan nəticələr, nailiyyətlər, çatışmazlıqlar barədə fikir mübadiləsi aparmaqdır:”Ötən ilin sentyabrından tədris ili başlayandan bütün fakültələr üzrə Fakültə Elmi Tələbə Cəmiyyətlərinin rəhbərləri, fakültə dekanları, Fakültə Tələbə Elmi Cəmiyyətinin sədrləri və fakültə şurasının üzvləri müştərək bir fəaliyyət nümayiş etdirdilər. Bu müddət ərzində bir çox tədbirləri yüksək səviyyədə keçirə bildik.
İlk növbədə fakültə konfransları üçün fakültə nəzdində olan kafedralarda tələbə seçimi başladı. Onlara elmi işlər verildi və həmin elmi işlər kafedralarda dinlənildi və öz aktuallığı, praktik əhəmiyyəti ilə seçilən işlər fakültə konfranslarında iştirak etmək hüququ qazandı və təqdimat verildi. Biz də əvvəlki illərdən fərqli olaraq, ATU TEC-in yekun konfransını universitetimizin rektoru, professor Gəray müəllimlə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus müəllimin birgə razılığı ilə müştərək keçirməli olduq. Biz bu il mayın 22-23-də Naxçıvan Dövlət Universitetində tibb tələbələrinin və gənc tədqiqatçıların elmi-praktik konfransını həyata keçirdik. Bu konfrans tələbələrimiz üçün çox faydalı oldu. Belə ki, konfrans yeni arenada keçirildi və yeni münasibətlərin yaranmasına səbəb oldu. Düşünürəm ki, müştərək elmi-tədqiqat işlərini aparılması üçün bir zəmin yarandı, gələcəkdə universitetlərarası elmi-tədqiqat işlərinin aparılması, əlaqələrin genişləndirilməsi və sizin özünüz üçün çox faydalı olacaq”.
TEC-in rəhbəri gələcəkdə Cəmiyyətin fəaliyyətinin daha da genişləndirilməsi, tələbələrin həm TEC-ə, həm də startap layihələrinə cəlb edilməsi və digər məsələlər də toxunub.
Toplantıda işin səmərəliliyinin artırılması üçün müzakirələr başlanıb və bir sıra təkliflər də səsləndirilib.
Tədbirin sonunda məzun olacaq fakültə TEC sədrlərinə təşəkkürnamələr, Naxçıvan Dövlət Universitetində təşkil olunan konfransda iştirak edən tələbələrə isə iştiraketmə vəsiqələri təqdim olundu.