Qısa müddət ərzində ATU-nun Qidalanma və tibbi ekologiya kafedrasında məsləhətçi professor M.A.Kazımovun ümumi redaktorluğu ilə iki dərslik - "Gigiyenik diaqnostika" (prof. Kazımov M.A., t.ü.f.d., assistent Kazımova V.M.) və "Ətraf mühitin toksikologiyası" (prof. Kazımov M.A., dos. Səmədov Ş.X., t.ü.f.d., assistent Kazımova V.M.) hazırlanıb və “Təbib” nəşriyyatında nəfis tərtibatda işıq üzü görüb.
“Gigiyenik diaqnostika” kursu yeni fənn olmaqla yanaşı, fundamental gigiyenanın əsas müddəaları üzərində formalaşıb. Gigiyenik diaqnostika fənninin vəzifəsi insanların sağlamlıq vəziyyəti və onu təhdid edən ətraf mühitin külli miqdarda risk amilləri arasındakı səbəb-nəticə əlaqələrini müəyyənləşdirməkdən ibarətdir. Bu isə əhali sağlamlığının, ətraf mühit və sosial amillərin hərtərəfli tədqiqini tələb edir. Tədqiqatların son nəticəsi sağlamlıq üçün risklərin qiymətləndirilməsi və onların aradan qaldırılması məqsədilə sosial-gigiyenik monitorinqin təşkil edilməsindən ibarət olmalıdır. Dərslikdə bu fənnin həm nəzəri, həm də təcrübi aspektləri fənnin tədris proqramına uyğun olaraq aydın və lakonik şəkildə şərh edilib.
“Ətraf mühitin toksikologiyası” dərsliyi isə Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş, dövlət təhsil standartlarına uyğun olaraq Elm və Təhsil Nazirliyinin əmrilə Azərbaycan Tibb Universitetində “Tibbi profilaktika” ixtisası üzrə təhsil alan tələbələrin tədris fənlərinə daxil edilmiş “Ətraf mühitin toksikologiyası” fənninin proqramı əsasında hazırlanıb. Dərslikdə ətraf mühit obyektlərinin kimyəvi çirklənmələri, onların mənbələri, əhali sağlamlığına təsiri, toksikodinamikası, orqanizmdə metabolizm xüsusiyyətləri, toksikometriya elementlərinin təyini, ksenobiotiklərin müxtəlif ətraf mühit obyektlərində normalaşdırılmasının xüsusiyyətləri və əhali sağlamlığına təsirinin profilaktikası məsələlərinə dair nəzəri və təcrübi material məntiqi ardıcıllıqla öz əksini tapıb.
Hər iki dərslik tibbi-profilaktika ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub. Dərsliklərdə təqdim olunan materiallar eyni zamanda ətraf mühit və əhali sağlamlığının profilaktikası sahəsində çalışan həkim-profilaktiklər və klinik təbabətlə məşğul olan həkimlər, həmçinin digər mütəxəssislər üçün də faydalı ola bilər.