Azərbaycan Tibb Universitetinin Həmkarlar İttifaqı Komitəsi (HİK) universitetimizin mədəni həyatında aktiv iştirak edir və tədbirlərin keçirilməsinə böyük dəstək göstərir. HİK-in nəzdində fəaliyyət göstərən və tələbələrimizdən ibarət olan “Çinar” rəqs və “Şəfa” xalq çalğı alətləri ansamblları ATU-da keçirilən tədbirləri öz peşəkar çıxışları ilə bəzəyir və bayram ab-havası yaradırlar.
Xəbər verdiyimiz kimi, bu günlərdə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə ATU-da Azərbaycan-Türkiyə qardaşlığına həsr olunmuş “Bu ellərin soyu birdir, kökü bir” adlı təntənəli ədəbi-bədii gecə keçirilib. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, tanınmış ictimai xadimlər, o cümlədən Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı xanımı ilə birgə iştirak edib. Bu dəfə də “Çinar” rəqs və “Şəfa” xalq çalğı alətləri ansambllarının çıxışları gecəyə xüsusi rəng qatıb.
Qeyd edək ki, dosent Cahangir Qasımovun sədri olduğu HİK, eləcə də Elçin Əlizadənin rəhbərlik etdiyi Təsərrüfat və təchizat şöbəsi ATU-nun əməkdaşları və tələbələrinin mədəni istirahəti məqsədilə hər il yaz-yay aylarında universitetimizin “Təbib” istirahət düşərgəsinə səfərlər təşkil edir. Bu günlərdə adıçəkilən ansamblların üzvləri “Təbib”-də ən yüksək səviyyədə istirahət ediblər.
Xatırladaq ki, hər il olduğu kimi, bu il də “Təbib” istirahət düşərgəsində abadlıq və yenidənqurma işləri aparılır. Çoxlu sayda ağaclar və güllər əkilib, yeni koteclər tikilərək istirahət zonası genişləndirilir.