“Müstəqilliyimizi əldə etdikdən sonra ölkəmizdə ictimai sağlamlıq problemlərinə ciddi diqqət ayrılıb. Müasir dövrdə ictimai sağlamlıq dünyada ən prioritet məsələlərdən biridi”. Bu fikri yeni işıq üzü görmüş “İctimai sağlamlıq” (“Public Health”) jurnalının baş redaktoru, t.e.d., ATU-nun İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının professoru Rafiq Çobanov səsləndirib.
O hər zaman bu sahəyə aid xüsusi jurnalın nəşrinə çalışdıqlarını, bu istiqamətdə böyük işlər görüldüyünü deyib: “Jurnalın ilk buraxılışı artıq işıq üzü görüb və nəşrdə Azərbaycan, rus və ingilis dillərində məqalələr yer alıb. Məqalələrin müəllifləri azərbaycanlı mütəxəssislərlə yanaşı, həm də Türkiyə, Qazaxıstan, Özbəkistan, Rusiya, Moldova kimi ölkələrin tanınmış ekspertləridir. Jurnalın hazırlanmasında əsas məqsədimiz ölkədə və regionda ictimai sağlamlığın inkişafına töhfə verməkdir. Jurnal gerontologiyanı, həmçinin bir çox başqa sahələri əhatə edir. Hər bir məqalə qiymətli informasiya mənbəyidir. Bu jurnal bütün tibb sahəsində çalışanlar üçün faydalı olacaq. Jurnalda ATU-nun magistratura pilləsini bitirən məzunların dissertasiya işləri də yer alacaq”.
İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının müdiri, jurnalın baş redaktor müavini t.ü.f.d., dosent Yaqut Hacıyeva bildirib ki, ölkəmizin səhiyyə sektoru üçün belə bir jurnal böyük əhəmiyyət daşıyır və universitetimizin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində aparılan islahatlara bir töhfəsidir. Onun sözlərinə görə, jurnalda dərc edilməsi üçün Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Elmi-Tədqiqat Mərkəzi, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Liv Bona Dea Xəstəxanası, Quba Rayon Mərkəzi Xəstəxanası və ATU-nun müxtəlif kafedralarından məqalələr göndərilib.
“Mən çox şadam ki, Rafiq müəllimlə birlikdə bu işin öhdəsindən gəldik və jurnalımızı ərsəyə gətirə bildik. Bizi böyük işlər gözləyir”, - deyə Yaqut Hacıyeva vurğulayıb.