Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında “Qalxanabənzər vəzin Follikulyar düyünlərinin diaqnostika və müalicəsinə müasir yanaşma” adlı elmi-praktik seminarı keçirilib.
ATU TCK-nın endokrinoloq-cərrahı, I Cərrahi xəstəliklər kafedrasının asistenti, Azər Hümmətov çıxış edərək, klinikada daim Dünya Tiroid gününə həsr olunmuş tədbirlərin keçirildiyini qeyd edib: “Bu günki tədbirimizdə sahəmiz üzrə son tədqiqatlar və nəticələr müzakirə ediləcək. Tədbirin keçirilməsində bizə dəstək olan Azərbaycan Tibb Universitetinə, Tədris Cərrahiyyə Kilinikasının rəhbərləyinə öz təşəkkürümüzü bildiririk. Ona da qeyd edim ki, I Cərrahi xəstəliklər kafedrasında 2015 ildən endokrin-cərrahi şöbə fəaliyyət göstərir, şöbə öz işləri ilə seçilir”.
ATU-nun I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA müxbir üzvü, professor Nuru Bayramov çıxışında tibb elmi son illər ərzində sürətlə inkişaf etdiyini vurğulayıb: “Tibb sahəsindəki bu inkişaf, yeni tehnologiyaların, biomarkerlərin, süni zəkanın sayəsində baş verir. Bu yeniliklərdən geri qalmamaq üçün innovasiyalara uyğunlaşmaq lazımdı. Bizim kafedramız bir neçə cərrahiyyə bölmələri üzrə ixtisaslaşır: endokrin, bariatrik, transplant və digər sahələr. Və bu sahələrin hər birində yeniliklərə imza atır”.
Professor N.Bayramov qeyd edib ki, dünyada bir çox tibb günləri, bir çox xəstəliklərin məlumatlandırılması məqsədli günlər qeyd olunur. Bu günlər sağlamlığa diqqəti artırmaq üçün təsis olunub:“ Bu günki tədbir tiroid düyünləri ilə bağlı problemlərə və bu sahədə olan yeniliklərə həsr ediləcək. Çox aktual mövzudu və onun ətrafında keçirilən fikir mübadiləsi tədbirin iştirakçıları üçün faydalı olacaq”.
Seminarda ATU-nun III Cərrahi xəstəliklər kafedrasının t.ü.f.d. cərrah-endokrinoloq Esmira Məmmədova “Tiroid Follikulyar neoplaziyaları, diaqnostikası və müalicəsi”, Şüa diaqnostikası və terapiyası kafedrasının t.ü.f.d. Lalə Ağabəyli “Tiroid follikulyar neoplaziyalarının ultrasəs elastoqrafik xüsusiyyətləri”, Pataloji anatomiya kafedrasının dosenti Fikrət Əliyev “Qalxanabənzər vəzin düyünlü patologiyalarında morfoloji diaqnostikanın əhəmiyyəti” mövzusunda çıxış ediblər.