ATU-da yaz semestri üzrə Obyektiv Strukturlaşdırılmış Klinik İmtahanlara (OSKİ) start verilib. Stomatologiya fakültəsinin rəhbərliyi 2023/2024-cü tədris ili üzrə imtahların gedişini izləyiblər.
ATU-nun Stomatologiya fakültəsinin dekanı, dosent Elmira Əliyevanın sözlərinə görə digər fakültələrdə olduğu kimi, stomatologiya üzrə də dövlət imtahanları OSKİ metodu ilə aparılır.
Sessiya zamanı 236 tələbə OSKİ bacarıq imtahanlarında özünü sınayacaq. İmtahanın yüksək səviyyədə keçirilməsini təşkil etmək məqsədilə əvvəlcədən komissiyalar yaradılıb.
OSKİ imtahanlarında hər bir tələbənin bir bacarıq üzrə imtahanına 4 dəqiqə vaxt ayrılıb. Tələbə ümumilikdə 10 bacarığa rotasiya üsulu ilə 40 dəqiqə sərf edir. Bu müddətdə həmin tələbənin imtahanı başa çatdırılır. OSKİ imtahanları tələbənin təhsil müddətində topladığı bilik və bacarıqların praktikada tətbiqini göstərməyə, nümayiş etdirməyə imkan verir.