Rusiyanın Sankt-Peterburq şəhərində uşaq sağlamlığının qorunmasına həsr edilən beynəlxalq konqresdə Azərbaycan Tibb Universiteti (ATU) təmsil olunub. Dünyanın 15 ölkəsindən 2500-dən çox nümayəndəsinin iştirak etdiyi tədbirin açılışında Sankt-Peterburqun vitse-qubernatoru Oleq Erqaşev, Sankt-Peterburq pediatriya universitetinin rektoru, Rusiyanın baş neonatoloqu Dmitriy İvanov və digərləri ilə yanaşı, ATU-nun Elmi işlər üzrə prorektoru Rauf Bəylərov da salamlama nitqi ilə çıxış edib.
Konqresdə neonatologiya, pediatriya, uşaq cərrahiyyəsi və digər uyğun tibbi ixtisaslar üzrə ən mühüm məsələlər müzakirə olunub. “Sağlam uşaqlar ölkənin gələcəyidir” şüarı ilə keçirilən konqresdə Azərbaycanla yanası, Belarus, Özbəkistan, Çin, Türkiyə, Səudiyyə Ərəbistanı, İraq, Yəmən və digər ölkələrdən mütəxəssislər iştirak ediblər.
Üç gün ərzində iştirakçılar profilaktik səhiyyə, uşaqlar arasında infeksion xəstəliklərin önlənməsi, pediatrik nefrologiyanın yenilikləri, uşaq ölümlərinin əsas səbəblərinin aradan qaldırılması kimi önəmli məsələlər barədə fikir mübadiləsi aparıblar. Konqres çərçivəsində təşkil olunan sessiyalarda 500-dən çox şifahi, 39 poster təqdimatlar baş tutub, təlim və simpoziumlar, master-klaslar keçirilib.