Azərbaycan ortodontları xarici kolleqaları ilə öz təcrübələrini paylaşıb

ATU-nun Ortodontiya kafedrasının əməkdaşları Bakıda keçirilən Azərbaycan Ortodontlarının 1-ci Beynəlxalq Konqresində iştirak ediblər.  Azərbaycan Peşəkar Ortodontlar Cəmiyyəti və Azərbaycan Ortodontlar Dərnəyinin birgə təşkilatçılığı ilə baş tutan konqresdə dünyanın müxtəlif ölkələrindən gələn tanınmış professorların və yerli lektorların çıxışları dinlənilib.

Ortodontiya kafedrasının müdiri, tibb elmləri doktoru, dosent Ramidə Şadlinskaya və tibb elmləri doktoru, dosent Zaur Novruzovun məruzələri də konqres iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Üç gün müddətində davam edən konqresdə müasir ortodontiyada müxtəlif multidistiplinar yanaşmalar, gicgah-çənə oynağı faktorunun vacibliyi, müvəqqəti dayaq cihazlarının tətbiqi, üz-kəllə anomaliyaları zamanı ortoqnatik cərrahiyyənin xüsusiyyətlərinə aid mövzular müzakirə olunub.  Azərbaycan ortodontları xarici kolleqaları ilə öz təcrübələrini paylaşıb və yeni müalicə üsulları haqqında fikir mübadiləsi aparıblar.