Azərbaycan Tibb Universiteti (ATU) ilə Təhsil Tələbə Krediti Fondu arasında əməkdaşlıq memorandumu imzalanıb. Müqaviləyə əsasən, tərəflər ATU tələbələrinin Fondun təqdim etdiyi təqaüd proqramlarına qoşulması, eyni zamanda digər proqramlarda birgə iştirakına dəstək məqsədilə müştərək layihələrin icrası istiqamətində əməkdaşlıq edəcəklər.
Sənədi ATU rektoru professor Gəray Gəraybəyli və Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev imzalayıblar. Memorandumun məqsədi ATU ilə əməkdaşlıq və tərəfdaşlıq münasibətlərini təmin etməklə təhsil tələbə kreditləri haqqında məlumatların daha geniş kütləyə çatdırılmasını, təqaüdlərdən daha çox tələbənin yararlanmasını təmin etməkdir.
ATU rektoru professor Gəray Gəraybəyli tələbələrə təqdim edilən təqaüdün təhsilin inkişafı üçün ciddi dəstək olduğunu vurğulayıb. Təhsil kreditlərinin tələbələri stimullaşdırdığını, akademik göstəricilərini yüksəltməsinə müsbət təsir etdiyini qeyd edib. Rektor G.Gəraybəyli bu memorandumun qarşılıqlı əməkdaşlığın geniş spektrlərini əhatə edəcəyini, tələbələrin və valideynlərin təhsil tələbə kreditləri və güzəştləri haqqında daha düzgün məlumatlanmasına xidmət edəcəyindən əminliyini bildirib.
Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev Fondun fəaliyyət istiqamətləri barədə məlumat verərək hazırda 200-dən çox ali, orta ixtisas və kolleclə əməkdaşlıq etdiklərini bildirib. ATU ilə əməkdaşlığın dairəsini genişləndirmək məqsədilə imzalanan bu sənədin hər iki tərəf üçün müsbət nəticələr gətirəcəyini qeyd edib. Memorandum çərçivəsində tələbə və valideynlərin məlumatlılığının artırılması məqsədilə infosessiyalar, müxtəlif formatda tədbirlərin təşkil olunacağını deyib.