Dövlət Gömrük Komitəsinin Tibbi xidmət idarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi, Mərkəzi Gömrük Hospitalı və “Nəsil Qrup” MMC şirkətinin birgə təşkilatçılığı ilə "Xəstəxanadaxili infeksiyaların idarə olunması: sepsis və antibiotikterapiya" mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransda Azərbaycan Tibb Universitetinin Epidemiologiya və biostatistika kafedrasının əməkdaşları - kafedranın tədris hissə müdiri Leyla Əhmədzadə, assistent Zəminə Hüseynova, Əzimə Şıxəliyeva, Flora Tağıyeva, Vaqif Vəkilov iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsi Tibbi xidmət idarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev mövzunun aktuallığına dair fikirlərini bölüşüb. O, Elmi-Təcrübi və Tədris Mərkəzinin il ərzində mütəmadi olaraq yerli mütəxəssislərin beynəlxalq təcrübədən faydalanması üçün müxtəlif elmi fəaliyyətlər təşkil etdiyini qeyd edib.
Daha sonra Mərkəzi Gömrük Hospitalının rəisi, baş həkim Bəxtiyar Musayev hospitalda xəstəxanadaxili infeksiyalarla mübarizə istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən İnfeksiyaya Nəzarət Komissiyasının fəaliyyəti barədə qısa məlumat verib.
Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov, Səhiyyə Nazirliyinin İctimai səhiyyə və xəstəliklərə nəzarət şöbəsinin sektor müdiri Vüsalə Səfərova və TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayevanın çıxışlarından sonra konfrans öz işini panel sessiyası ilə davam etdirib.
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkim-mikrobioloqu Leyla Həşimova və ATU-nun Tibbi mikrobiologiya və immunologiya kafedrasının dosenti, t.ü.f.d., Analitik Ekspertiza Mərkəzinin eksperti Həyat Əliyeva “Sepsisin diaqnostikasına müasir yanaşma” mövzusunda təqdimatla çıxış ediblər və auditoriyanı maraqlandıran sualları cavablandırıblar.