BBMM-in icraçı direktoru Rəvan Həsənov tələbələrə Azərbaycandakı multikultural və tolerant mühit haqda ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Fərmanı ilə 2014-cü ildə yaradılan BBMM beynəlxalq statusa malikdir və azsaylı xalqların mədəniyyətinin, dilinin, inanclarının qorunması istiqamətində çox mühüm layihələr həyata keçirir. Mərkəzin təşkilatçılığı ilə dünyanın nüfuzlu universitetlərində “Azərbaycan multikulturalizmi” fənni tədris edilir. İcraçı direktor əsrlərdir ki, multikultural dəyərlərin Azərbaycanda son dərəcə önəmli yer tutduğunu, burada müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələrinin heç bir ayrı-seçkiliyə məruz qalmadan birgə yaşadıqlarını diqqətə çatdırıb.
ATU-nun Əcnəbi vətəndaşlarla iş üzrə dekanı Natiq Bayramov əcnəbi tələbələrin sayına görə universitetimizin ölkəmizin ali məktəbləri arasında lider mövqedə olduğunu bildirib. Universitetdə dünyanın 50-dən artıq ölkəsinin vətəndaşları təhsil alır, həkimlik peşəsinin sirlərinə yiyələnir. Dekan ATU-ya xarici tələbələrin qəbulu, onların təhsili üçün yaradılan şərait, universitetin beynəlxalq nüfuzunun daha da artırılması məqsədilə görülən işlər və digər məsələlərlə bağlı ətraflı məlumat verib.
Daha sonra tələbələr Mərkəzlə tanış olublar. Onları maraqlandıran suallar cavablandırılıb.