Qazaxıstanın Almatı şəhərində Əl-Fərabi Qazax Milli Universitetinin (KazNU) 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Azərbaycan Tibb Universitetinin Əczaçılıq toksikologiyası və kimya kafedrasının müdiri, professor Eldar Qarayev “Tibbi bitkilər və təbii dərman tədqiqatları” üzrə beynəlxalq konfransın sədri, professor Canar Cenisin dəvəti ilə tədbirdə əsas məruzəçi qismində iştirak edib.
KazNU-nun rektoru Canseyt Tuymebayev konfransı giriş nitqi ilə açaraq qonaqları salamladıqdan sonra Yaponiya, Özbəkistan, Tailand, Türkiyə, Malayziya, Hindistan, Pakistan, Qırğızıstan, Kipr, Cənubi Koreya, Portuqaliya, ÇXR və s. ölkələrdən gəlmiş alimlərin dərman bitkiləri və təbii dərman maddələri ilə bağlı apardıqları elmi-tədqiqat işlərinə dair məruzələri dinlənilib.
Konfransın bağlanış mərasimində əsas məruzəçilər mükafatlandırılıb və onlara sertifikatlar təqdim olunub.
Məlumat üçün bildirək ki, QS World University Rankings-ə görə, KazNU dünyanın ən yaxşı universitetlərinin reytinqində 163-cü yeri tutur.