6-7 iyun 2024-cü il tarixlərində “İnjuriya” hüquq jurnalı, Almaniyanın Martin Luter Universiteti və Türkiyənin Tibb Hüququ İnstitutunun birgə təşkilatçılığı ilə ilk dəfə olaraq “XV Azərbaycan-Türk-Alman Tibb Hüququ Simpoziumu” keçirilib.
Beynəlxalq tədbirin keçirilməsində məqsəd dünyada və ölkəmizdə yeni biotexnoloji, biotibbi fəaliyyətin həyata keçirilməsi və bu istiqamətdə müvafiq tədqiqatların aparılması zamanı aktuallığı ilə səciyyələnən insan hüquq və azadlıqlarının müdafiəsinin təmin olunması, bu sahədə görülən işlərə tibb və hüquq elminin birgə yanaşmasını, fərqli baxışlarını, kəsişən ortaq məqamları və dəyərləri müzakirə etmək idi.
Simpoziumun Almaniya, Türkiyə, Qazaxıstan və Azərbaycanda çoxillik elmi-praktik təcrübəyə malik aparıcı ekspertlərdən ibarət əsas məruzəçilərindən biri kimi, Azərbaycan Tibb Universitetinin Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının baş müəllimi, Dünya Tibbi Hüquq Assosiasiyasının üzvü Aidə Bəndəliyeva “GMO məhsullarının ekosistemə, sağlamlığa olan zərərli təsirləri və onların hüquqi tənzimlənməsi” mövzusunda çıxış edib.