Rektor Əhliman Əmiraslanov Azərbaycan Endouroloji Dərnəyinin yaradılmasını faydalı hesab edir
Bu gün Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov Türkiyənin TürkUrolap dərnəyinin yaradıcısı Prof.Dr.Yaşar Ozgok ilə görüşüb. Görüş zamanı ATU-da keçirilən beynəlxalq laparoskopik urologiya kursunun nəticələri, həmçinin ATU ilə əməkdaşlıq məsələləri müzakirə olunub. Qonaq Azərbaycana səfəri, xüsusilə də TibbUniversitetində olduğuna görə çox şad olduğunu bildirdi. O, ATU-nun Tədris Cərrahiyyə Klinikası ilə tanış olduğunu, burada yaradılan şəraitdən çox razı qaldığını açıqladı.
Prof.Dr.Yaşar Ozgok xatırlatdı ki, bu günlərdə ATU-nun Tədris Cərrahiyyə Klinikasında 32-ci beynəlxalq laparoskopik urologiya kursuna start verilib. TİKA-nın dəstəyi sayəsində bütün Avropada qəbul edilən belə bir kursun bu dəfə ATU-da keçirilməsindən çox razı qaldığını bildirən Prof.Dr.Yaşar Ozgok Tibb Universiteti ilə əməkdaşlığa yol açacaq daha bir təkliflə də çıxış etdi: ”Bu klinikada Azərbaycan Endouroloji Dərnəyinin yaradılmasını istərdik. Bu dərnək bizim əməkdaşlığın daha da dərinləşməsinə, həmçinin ATU-nun əlaqələrinin daha da genişlənməsinə, universitetin Avropada daha çox tanınmasına səbəb olacaq”.
ATU–nun rektoru Əhliman Əmiraslanov da bu təklifi müsbət qarşıladı, belə bir dərnəyin yaradılmasının hər iki tərəfə böyük fayda verəcəyini dilə gətirdi. Akademik Ə.Əmiraslanov Azərbaycan Endouroloji Dərnəyinin yaradılması üçün tələb olunan hər bir fəaliyyətə hazır olduqlarını açıqladı. Görüşün sonunda ATU-nun nəzdində Azərbaycan Endouroloji Dərnəyinin yaradılması ilə bağlı qarşılıqlı memorandum imzalanması haqda razılıq əldə olundu.
Görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Rəhimə Qabulova, beynəlxalq əlaqələr şöbəsinin müdiri Nadir Zeynalov, Tədris Cərrahiyyə Klinikasının direktoru Hacıqulu Bağırov, baş həkim Asiman Həsənov, treyninq mərkəzinin müdiri Qorxmaz Əhmədov və uroloji uzman Vasif İsmayıl da iştirak edirdilər. Qeyd edək ki, TurkUrolap dərnəyi laparoskopik urologiya sahəsində dünyanın bir çox ölkəsində təlim kursları keçirir. Növbəti 32-ci beynəlxalq tətbiqi laparoskopik urologiya kursu 8-9 İyun 2015-ci il tarixində ATU-nun urologiya kafedrası ilə birlikdə universitetinin Tədris Cərrahiyyə Klinikasında keçirilir. Kursda nəzəri və praktik laparoskopik vərdişlər tətbiq edilir. Tədbirdə 7-si Sudandan olmaqla ümumilikdə 20 həkim, 10 tibb bacısına təlim keçirilir.
Kursun sonunda Avropa Uroloqlar Assosiasiyasının beynəlxalq E-BLUS sertifikatı üçün imtahan da keçiriləcək. Kursun prezidentləri Türkiyə tərəfdən TürkUrolap dərnəyinin yaradıcısı Prof.Dr.Yaşar Ozgok, Azərbaycan tərəfdən ATU-nun urologiya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Südeyf İmamverdiyevdir.