Azərbaycan Tibb Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımov universitetimizin mədəni həyatında aktiv iştirak edən və tədbirlərin keçirilməsinə öz töhfələrini verən fəal tələbələrlə görüşüb. O, görüş zamanı Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən və tələbələrimizdən ibarət olan “Çinar” rəqs və “Şəfa” xalq çalğı alətləri ansambllarının bütün tədbirlərdə öz peşəkar çıxışları ilə fərqləndiyini vurğulayıb. Xatirladib ki, Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə ATU-da keçirilən Azərbaycan -Türkiyə qardaşlığına həsr olunmuş “Bu ellərin soyu birdir, kökü bir” adlı təntənəli ədəbi-bədii gecəyə də “Çinar” rəqs və “Şəfa” xalq çalğı alətləri ansambllarının çıxışları xüsusi rəng qatıb.
Görüşə qatılan fəal tələbələrin universitetin ictimai həyatındakı rolunu yüksək qiymətləndirən komitə sədri onları Milli Qurtuluş Günü, müqəddəs Qurban Bayramı və Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə ATU-nun rektoru, professor Gəray Gəraybəylinin və Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Arif Mərdanovun adından da təbrik edib. Eyni zamanda hər iki ansamblın üzvlərinə “Məzun günü”ndə necə çıxış edəcəkləri barədə tövsiyələrini verib. Həmçinin hər buraxılış gecəsində “Çinar” rəqs və “Şəfa” xalq çalğı alətləri ansamblının məzun olan bir neçə üzvünün mükafatlandırılacağını diqqətə çatdırıb.
Görüşün sonunda tələbəlik illərində öz xüsusi istedadları ilə seçilən gənclərin gələcəkdə səhiyyənin ən yaxşı həkimləri olacağına da əminliyini bildirən C. Qasımov onların hər birinə uğurlar arzulayıb.