Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, professor Famil Mustafayev Azərbaycan Tibb Universitetinin qonağı olub. Qonağı ATU-nun rektoru, professor Gəray Gəraybəyli qəbul edib.
Görüşdə ATU-nun nəzdində fəaliyyət göstərən elmlər doktoru və fəlsəfə doktoru müdafiələri üçün təşkil edilmiş Dissertasiya şuralarının sədrləri, müavinləri, elmi katiblər, eləcə də Dissertasiya Şurasının nəzdində müxtəlif ixtisaslar üzrə fəaliyyət göstərən elmi seminarların rəhbərləri, Ali Attestasiya Komissiyasının Tibb və əczaçılıq elmləri üzrə Ekspert Şurasının üzvləri iştirak ediblər.
Müxtəlif məsələlərin müzakirə olunduğu görüşdə Ali Attestasiya Komissiyasının Əsasnaməsində edilmiş dəyişikliklər, mövcud problemlər və onların həlli yolları, o cümlədən Dissertasiya şuralarının, müdafiələrin təşkili, keyfiyyətin daha da artırılması, təhsil sahəsində qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparılıb. ATU-nun professorlarından Vaqif Şadlinski, Nazim Pənahov, Rəna Əliyeva, Lalə Allahverdiyeva, İbrahim İsayev və başqaları Ali Attestasiya Komissiyasının sədrinə aktual məsələlərlə bağlı suallar ünvanlayıb, professor F.Mustafayev isə onları cavablandırıb.