Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında invaziv kardioloqların aylıq Bakı toplantısı keçirilib. “STEMİ zamanı perkutan koronar müdaxilə” mövzusunda keçirilən tədbirdə Azərbaycan Kardiologiya Cəmiyyətinin İnvaziv işçi qrupu üzvləri iştirak ediblər.
Ege Hospitalın kardiologiya şöbəsinin müdiri t.ü.f.d. Ülvi Mirzoyev açılış nitqi ilə çıxış edərək ənənəvi aylıq toplantının proqramını açıqlayıb. ATU-nun Tədris Cərrahiyyə Klinikasının Ürək kateterizasiyası və angioqrafiya laboratoriyasının müdiri, dosent Qalib İmanov, DTX Hospitalın invaziv kardioloqu Sərdar Abdullai və MediStyle Hospitalın həkim kardioloqu Gülanə Ağayevanın moderatorluğu il keçən tədbirdə ST-yüksəlməli miokard infarktının idarə edilməsi, bu zaman yaranan problemlərə müxtəlif metodlarla müdaxilə yollarından bəhs edilib.
Tədris Cərrahiyyə Klinikasının kardioloqu Aqil Allahverdiyev “ST-yüksəlməli miokard infarktının idarə edilməsi üçün 2023 ESC Rəhbər Tövsiyələri”, Bakı Sağlamlıq Mərkəzinin kardioloqu Röyal Hacıməmmədov “Kəskin RCA lezyonuna primer perkutan müdaxilə”, Mediland Hospitalın ivaziv kardioloqu Vüqar Zamanov “Cx və high-OM osteal lezyonlarını əhatə edən, kompleks və kəskin total tıxalı osteal LA lezyonuna primer perkutan müdaxilə” mövzusunda klinik hal təqdimatları ilə çıxış ediblər.
Toplantıda Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının, Bakı Sağlamlıq Mərkəzinin, Mediland Hospitalın həkim-mütəxəssisləri iştirak ediblər.