ATU Tələbə Gənclər Təşkilatının Hərbi tibb fakültəsi üzrə sədri və eyni zamanda “Dünyama faydam” sosial-ictimai layihəsinin üzvü Nəriman İskəndərov Qurban bayramı münasibətilə layihə üzvləri ilə birlikdə Qadın və Uşaq Sığınacağı evini ziyarət edib.
Tədbir iştirakçıları valideyn himayəsindən məhrum olmuş uşaqları sevindirmək üçün zəruri ərzaq malları alıb, onlara dəstək olmaq və bayramlarını daha yadda qalan etmək məqsədilə həmsöhbət olublar. Balacaları öz diqqət və qayğıları ilə sevindirən ziyarətçilərin “gələcəkdə kim olmaq istəyirsən” sualına uşaqların cavabları maraqlı olub. Onlar müxtəlif peşələrin adını çəkiblər. Uşaqları öz hədəflərinə çata biləcəklərinə inandıran layihə üzvləri onları əyləndirmək məqsədilə bir sıra oyunlar təşkil edib, xatirə hədiyyələri veriblər.
Məlumat üçün bildirək ki, Qadın və Uşaq Sığınacağı 2006-cı ildən fəaliyyət göstərir. Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçən bu sığınacaqda zorakılığa məruz qalan qadınlar, valideyn himayəsindən məhrum olan uşaqlar məskunlaşıb.