Azərbaycan Tibb Universitetində elmi-tədqiqat işlərinə maraq göstərən tələbələr çoxdur və onlar təkcə yerli konfranslarda deyil, beynəlxalq səviyyəli konfrans və konqreslərdə də uğurla çıxış edirlər.
Belə tələbələrdən biri də I Müalicə-profilaktika fakültəsinin IV kurs, 120A-4b qrup tələbəsi Səma Hüseynlidir. Keçən ilin oktyabr ayında ətrafındakı tələbə yoldaşlarının universitetə daxil olduqdan sonra görmə qabiliyyətlərinin zəifləməsi barədə şikayətləri onun diqqətini çəkib. Bu mövzunu qrup yoldaşı Xətai Əzimli ilə birlikdə araşdırmağa qərar verib. Oftalmologiya fənni müəllimi Tural Qəlbinurun rəhbərliyi ilə tədqiqat işinə başlayıblar. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya şöbəsində 200 tələbəni T.Qəlbinur, Ayan Məmmədxanova və Aysel Qəlbinurun rəhbərliyi altında müayinə edərək tədqiqat işi aparıblar. Həmin işin nəticələri haqqında çıxışları ATU Tələbə Elmi Cəmiyyətinin konfransında 2-ci yerə layiq görülüb. Həmçinin bu ilin 22-23 may tarixlərində Naxçıvan şəhərində keçirilən “Tibb tələbələri və gənc tədqiqatçıların respublika konfransı”nda tədqiqatları münsiflər tərəfindən yüksək qiymətləndirilib.
Bundan əlavə, “The prevalence of refractive errors and factors associated with myopia among medical students at Azerbaijan Medical University” adlı elmi-tədqiqat işləri Tibb Elmləri Beynəlxalq Tələbə Konqresinə (İSCOMS) rəsmi dəvət alıblar. Tədqiqatçı tələbələr 3-6 iyun tarixlərində həmin konqresdə ölkəmizi təmsil ediblər və onların məruzələri Çin, Səudiyyə Ərəbistanı, Almaniya və digər ölkələrdən olan iştirakçılar arasında xüsusi marağa səbəb olaraq bəyənilib. Həm mövzunun aktuallığı, həm də məruzəçilərin çıxışı münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək sertifikata layiq görülüb.
Hər iki tələbə-tədqiqatçı konfrans müddətində dünyaca məşhur həkimlərin və tibb alimlərinin leksiyalarını dinləmək fürsəti də qazanıb, workshoplarda uğurla iştirak edərək sertifikatlara layiq görülüblər. Qeyd edək ki, Xətai Əzimli, Azərbaycan Tibb Universitetinin IV kurs, müalicə-profilaktika I fakültəsinin 120A-4b qrup tələbəsidir. Azərbaycan Tibb Universitetinə 671 balla qəbul olaraq Prezident təqaüdünə layiq görülüb.
Eldar Baxşəliyev isə II Müalicə-profilaktika fakültəsinin III kurs, 221A-1b qrup tələbəsidir. O, 3-6 iyun 2024 tarixlərində 31-ci Tibb Elmləri Beynəlxalq Tələbə Konqresində (ISCOMS) Farmakologiya kafedrasının professoru Vəli Əsmətovun elmi rəhbərliyi altında hazırladığı “Changes on sex hormones in the blood of white rats against the background of chronic clozapine intake” adlı elmi-tədqiqat işi ilə çıxış edib və sertifikatla mükafatlandırılıb.
Onun sözlərinə görə, farmakologiya sessiyasında müxtəlif ölkələrdən təqdim olunmuş elmi işlərin sayı 10-dan artıq idi. Qaliblərin sıralamasında Polşadan sonra Azərbaycanın adı çəkilib. 64 ölkənin dəvət olunduğu bu konfransın iştirakçıları ATU tələbəsinin elmi-tədqiqatına böyük maraq göstəriblər. Belə ki, çıxışından sonra bir neçə ölkədən müxtəlif nümayəndələr ona yaxınlaşaraq mövzu ilə bağlı fikir və mülahizələrini bölüşüblər. E.Baxşəliyev konfrans boyunca beynəlxalq dərəcəli tibb mütəxəssislərinin təşkil etdiyi kurslarda (workshop, patient lecture, keynote lecture və s.) da uğurla iştirak edib. Təşkilat komitəsinin üzvləri uğurlu elmi işinə görə tədqiqatçı tələbəyə təşəkkürlərini bildiriblər.