Böyük Elmi Şurada Dövlət Attestasiya Komissiyasının fakültələr üzrə sədrləri hesabat verib
İyunun 27-də ATU-nun Böyük Elmi Şurası tədris ilində sonuncu iclasını keçirib. Toplantını giriş nitqi ilə açan rektor, professor Gəray Gəraybəyli bildirib ki, bu günlərdə Azərbaycanın tibb ictimaiyyətinə ağır itki üz verib. Belə ki, Ortopedik stomatologiya kafedrasının məsləhətçi professoru Zöhrab Qarayev dünyasını dəyişib. Alimin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sözünə davam edən rektor xatırladıb ki, bir neçə gün əvvəl ATU-nun üç klinikasının rəhbərləri dəyişdirilib. Belə ki, III Cərrahi xəstəliklər kafedrasının dosenti Əsədulla Sultanov Tədris Cərrahiyyə Klinikasına, I Daxili xəstəliklər kafedrasının müdiri, professor Vəsadət Əzizov Tədris Terapevtik Klinikaya və t.ü.f.d. İmran Ağayev Tədris Stomatoloji Klinikaya direktor vəzifəsinə təyin olunublar.
Professor Gəray Gəraybəyli daha sonra gündəlikdə duran məsələləri diqqətə çatdırıb. O əlavə edib ki, artıq Buraxılış Dövlət imtahanları sona çatıb və bu tədris ili üzrə Dövlət Attestasiya Komissiyası da öz işini başa vurub. Dövlət Attestasiya Komissiyasının fakültələr üzrə sədrləri və üzvləri Buraxılış Dövlət imtahanları zamanı apardıqları işin nəticələri haqqında hesabat vermək üçün Böyük Elmi Şuranın iclasına dəvət olunublar.
Bundan sonra ATU üzrə 2023/2024-cü tədris ilində Dövlət Attestasiya Komissiyasının fakültə sədrlərinin hesabatları dinlənilib və gənc mütəxəssislərin hazırlanması işində keyfiyyətin yüksəldilməsi istiqamətində universitet kollektivinin vəzifələri müzakirə olunub. Dövlət Attestasiya Komissiyasının I Müalicə-profilaktika fakültəsi üzrə sədri - Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun dirеktoru, t.е.d., professor Cəmilə Qurbanova, II Müalicə-profilaktika fakültəsi üzrə - Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini, t.е.d. Fuad Quliyev, Hərbi tibb fakültəsi üzrə - Milli Müdafiə Universiteti rektorunun elm üzrə müavini, Hərbi Elmi-Tədqiqat İnstitutunun rektoru, general-mayor Arif Həsənov, İctimai səhiyyə fakültəsi üzrə - Milli Onkologiya Mərkəzinin baş direktorunun elmi işlər üzrə müavini, t.ü.е.d., professor Murad Məmmədov, Stomatologiya fakültəsi üzrə - Ə.Əliyеv adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Stomаtologiyа və üz-çənə cərrаhiyyəsi kаfеdrаsının dosenti, t.ü.f.d. Lalə Quliyeva, Əczaçılıq fakültəsində bakalavr mərhələsi üzrə - “Zeytun pharmaceuticals” məhdud məsuliyyətli cəmiyyətinin baş mütəxəssisi, b.e.n. Rüstəm Rüstəmbəyov hesabat məruzəsi ilə çıxış ediblər.
Komissiya sədrləri qeyd ediblər ki, Buraxılış Dövlət imtahanları mövcud əsasnaməyə uyğun olaraq problemsiz, şəffaf şəkildə aparılıb və burada nəzərdə tutulan bütün qaydalara əməl olunub. Bildirilib ki, bu il buraxılış imtahanları əvvəlki illərdə olduğu kimi, yüksək səviyyədə baş tutub və tələbələr obyektivlik şəraitində yüksək bilik nümayiş etdiriblər. İmtahanların rahat və şəffaf aparılması üçün yaradılan şəraitə görə universitetin rəhbərliyinə, şəxsən ATU-nun rektoru, professor Gəray Gəraybəyliyə təşəkkürlərini bildirən komissiya sədrləri, eyni zamanda fakültə dekanlarının da imtahan prosesindəki aktiv fəaliyyətlərini yüksək qiymətləndiriblər. Onlar imtahanların gedişi zamanı heç bir neqativ hadisənin, həmçinin heç bir əsassız narazılığın baş vermədiyini diqqətə çatdırıblar.
Bundan başqa, İctimai səhiyyə fakültəsinin dekanı, dosent Qalina Qəniyeva 2023/2024-cü tədris ilində “Tibb bacısı işi” və “Fizioterapiya və tibbi reabilitasiya” ixtisasları üzrə IV kurs tələbələrinin ilk buraxılış imtahanlarının nəticələri haqqında çıxış edib. Əczaçılıq fakültəsinin dekanı, dosent Fərəh Mədətli isə fakültənin bakalavr mərhələsi üzrə istehsalat təcrübəsinin yekun bacarıq imtahanlarının və eləcə də fakültədə yeni standartlarla təhsil alan tələbələrin ilk istehsalat təcrübəsinə buraxılış imtahanları haqqında ətraflı məlumat verib. Hər iki dekan vurğulayıb ki, yüksək səviyyədə keçirilən peşə təcrübəsi üzrə imtahanlar OSKİ formasında 100 ballıq sistemlə qiymətləndirilib.
Hesabat çıxışlarına yekun vuran rektor Gəray Gəraybəyli fakültələr üzrə sədrlərə imtahanları uğurla başa çatdırdıqları üçün təşəkkürünü bildirib.
Sonra 2024/2025-ci tədris ili üzrə Tədris Departamentinin rəhbəri, dosent Kamandar Yaqubovun təqdim etdiyi tədris planı və Elmi katib, professor Nazim Pənahovun təqdim etdiyi iş planı Şura üzvlərinin diqqətinə çatdırılıb və hər iki sənəd təsdiqlənib.
Müxtəlif məsələlərə münasibət bildirən Şura II Cərrahi xəstəliklər kafedrasının professoru, t.e.d. Surxay Hadıyevin bu kafedrada məsləhətçi-professor vəzifəsinə seçilməsini və “Təbib” idman klubu ilə İdman Kompleksinin birləşdirilərək “Təbib” Tədris İdman Sağlamlıq Mərkəzi adı altında fəaliyyət göstərməsini təsdiqləyib.
Bundan başqa, Şura üzvləri 2023/2024-cü tədris ilindən etibarən ATU-nun ingilis dili bölmələrində aktiv dərs aparan, universitet tərəfindən təşkil edilmiş kurslarda B2 səviyyəsi göstərən və Tədris Departamenti tərəfindən hər semestr yenisi olmaq şərtilə təqdim olunan siyahı əsasında professor-müəllim heyətinə münasibətdə differensial əməkhaqqının tətbiq olunmasına münasibət bildirib.
Daha sonra II Müalicə-profilaktika fakültəsinin V kurs, 219A-8b qrup tələbəsi Uğur Uruç Mahbup oğlunun universitetə təhsilhaqqı borcunu 15 sentyabr 2024-cü ilə qədər ödəməsi qərarını verən Elmi Şura, Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Tibb Universitetinə göndərilən əlyazmaları, həmçinin əməkdaşların hazırladığı dərslik, dərs vəsaitləri və metodik vəsaitlərin nəşrini təsdiqləyib.
Növbəti tədris ilində universitetdə bir sıra yeniliklərin olacağını nəzərə çatdıran rektor, professor G.Gəraybəyli ATU-nun çoxminli kollektivinə tətil dövründə mənalı istirahət arzulayıb, tədbir iştirakçılarını iyunun 28-də keçiriləcək “Məzun günü”nə dəvət edib.