Bu gün ATU-nun Tədris Cərrahiyyə Klinikasında universitetin Qulaq, burun, boğaz xəstəlikləri kafedrası ilə Türkiyənin Beynəlxalq Səhiyyə Təhsili və Araşdırmaları Dərnəyinin (USEAD) birgə təşkil etdiyi I Neyrotologiya elmi-praktik simpoziumu keçirilib.
Dövlət Himnimizin səsləndirilməsi ilə başlayan simpoziumu adıçəkilən kafedranın müdiri, professor Vəfa Pənahian açaraq, bu elmi tədbirin Azərbaycanda ilk dəfə keçirildiyini, oftalmoloq, nevroloq, psixiatr və psixoloqların vestibulyar patologiyaya aid çıxışlarının olacağını, həmçinin audioloqların öz praktik və elmi təcrübələrini bölüşəcəyini vurğulayıb. Tədbirin keçirilməsinə hərtərəfli şərait yaratdığına görə rektor, professor Gəray Gəraybəyli başda olmaqla universitet rəhbərliyinə təşəkkürünü bildirən kafedra müdiri, iki bölüm üzrə maraqlı müzakirələrin aparılacağına əminliyini ifadə edib.
Simpoziumun açılışında çıxış edən Tədris Cərrahiyyə Klinikasının direktoru, dosent Əsədulla Sultanov ilk növbədə qonaqları salamlayıb və elmi araşdırmaların həmişə böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Eyni zamanda hər bir elmi nailiyyətin praktikada tətbiq olunması, həmkarlar arasında fikir mübadiləsinin aparılması baxımından müştərək elmi-praktik konfransların xüsusi önəm daşıdığını söyləyib.
USEAD-ın rəhbəri, professor Selim Sermet Erbek və simpoziumun həmsədri, Loğman Həkim Universiteti Eşitmə, Müvazinət və Danışma Mərkəzinin koordinatoru, professor, neyrotoloq Hatice Seyra Erbek də çıxış edərək qardaş ölkə mütəxəssisləri ilə bir arada olmaqdan məmnunluqlarını çatdırıblar. Bildiriblər ki, əsas məqsəd audiologiya və vestibulologiya sahəsində fəaliyyət göstərən, müxtəlif müəssisələrdən gəlmiş mütəxəssislərin öz təcrübələri, tətbiq etdikləri yenilik və dəyişikliklərlə bağlı məlumatları, tədqiqat nəticələrini bölüşməsi, eyni zamanda bu sahələrin tədrisi ilə bağlı yeniliklərin müzakirəsini aparmaqdan ibarətdir.
Daha sonra simpozium öz işini iki bölümdə davam etdirib. Audiologiya bölümü üzrə professor Hatice Seyra Erbek, uzman dr. Yaqub Kazımov, audioloq Ləman Məmmədova, həkim-audioloq Mehman Əliyev və otorinolarinqoloq Afaq Şadlinskaya, vestibulologiya bölümü üzrə isə otorinolarinqoloq Sara Ağalar, nevroloq Şəhla Mehdiyeva, oftalmoloq Leyda Kazımova, psixiatr Gülay Məmmədzadə və başqalarının məruzələri böyük maraqla qarşılanıb.
Simpozium sual-cavab sessiyası ilə yekunlaşıb.