1974-cü ilə ATU-nu bitirmiş həkimlər doğma universitetdə toplaşıb
1974-cü ilin günəşli yay səhəri... Həmin gün çöhrələri nurlu, arzuları işıqlı gənclər “Məzun günü”nün təbrik sədaları altında çətin və şərəfli bir yola çıxdılar. Universitet həyatına əlvida deyib, xalqımızın sağlamlığı naminə arzularını çin etməyə getdilər.
Düz 50 il sonra - 2024-cü il iyunun 28-də yubilyar məzunlar yenə kövrək, həm də sevincli idilər. Azərbaycan Tibb Universitetinin 1974-cü il buraxılış məzunları əvvəlcə doğma universitetin həyətində ölkəmizin müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş həkim və tələbələrimizin xatirə kompleksini ziyarət edərək, dəstələri düzüblər.
Tədbir III saylı tədris korpusunun auditoriyasında davam etdirilib. Dövlət Himni səsləndirildikdən sonra şəhidlərin, eləcə də dünyasını dəyişmiş müəllim və məzunların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
ATU-nun Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev məzunları universitet rəhbərliyi adından salamlayıb və onları yenidən doğma məkanda görməkdən məmnun olduğunu bildirib. Sözünə davam edən prorektor məzunlara və qonaqlara ATU-nun son illərdəki fəaliyyəti və uğurları barədə məlumat verərək, tələbələrin yaxşı təhsil alması üçün yaradılmış şəraitdən danışıb. S.Əliyev qeyd edib ki, bu gün Tibb Universiteti öz fəaliyyətini dövrün çağırışlarına uyğun qurur və Avropanın tələb etdiyi bütün meyarlara tam cavab verir. ATU-nun nəzdində 4 tədris klinikasının fəaliyyət göstərdiyini deyən prorektor, bu klinikaların ən müasir standartlara cavab verdiyini bildirib və son illərdə universiteti başa vuran məzunlarımızın dünyanın qabaqcıl elm-təhsil müəssisələrində çalışdığını vurğulayıb.
Tədbirdə çıxış edın İnsan anatomiyası və tibbi terminologiya kafedrasının məsləhətçi professoru, Prezident təqaüdçüsü Vaqif Şadlinski dövlətimizin səhiyyəyə xüsusi diqqət və qayğısından söhbət açaraq, vaxtilə universitetdə təhsil alan gənclərin əksəriyyətinin bu gün ölkəmizdə müxtəlif vəzifələr tutan, müəyyən mövqeyə malik ixtisaslı, tanınmış peşəkar kadrlar olduğunu bildirib.
Görüşün əsas təşəbbüskarı, həmçinin təşkilatçılarından biri olan Onkologiya kafedrasının dosenti Nəsimi Qasımov tədbirin təşkilinə görə universitet rəhbərliyinə və dəstək olan hər kəsə təşəkkürünü bildirib. O, görüşə hazırlaşarkən, eləcə də məzunları soraqlayarkən keçirdiyi hisslərdən söz açıb. Qeyd edib ki, bu indiyədək məzunlarla keçirilən dördüncü görüşdür (20, 30, 40 və 50-ci ildönümləri). N.Qasımov məlumat verib ki, görüşdə universitetin I və II Müalicə-profilaktika, Pediatriya, Sanitariya və gigiyena fakültələrinin 1974-cü il məzunları iştirak edir.
Sonra məzunlar bir-bir söz alaraq həzin-kövrək xatirələrini bölüşüblər. Azərbaycan Respublikasının sabiq deputatı Mirhəmzə Əfəndiyev, SSRİ Ali Sovetinin sabiq deputatı Nəzakət Sadıqova, əməkdar müəllim, dosent Rəşid Mahmudov, əməkdar həkim Şəfa Əliyev, professorlar Surxay Hadıyev, İsfəndiyar İsmayılov, Cabbar Hacıyev, Valeh Mirzəzadə, Akif Sultanov, Mirzə Kazımov, Arif Mirzəyev, o cümlədən onlayn şəkildə Sona Əsgərova, Qazax rayondan uşaq həkimi Roza Qocamanova, Şəkidən uşaq cərrahı Maarif Əliyev, həmçinin Sankt-Peterburq şəhərindən İ.İ.Canielidze adına təcili yardım elmi-təqdiqat institutunun baş elmi işçisi, cərrahi blokun rəhbəri Ümidvar Ələkbərov çıxış edərək ürək sözlərini çatdırıb, bu ənənənin gələcəkdə də davam etdirilməsinin gənc nəslə örnək olacağını söyləyiblər. Məzunlar sevimli müəllimlərini xatırlayaraq onların tələbkarlığından, bilikli və vicdanlı şəxsiyyət kimi daim xatirələrdə yaşayacaqlarından bəhs ediblər. Onlar bu tarixi görüşün təşkil edilməsinə dəstək olanlara və eləcə də məzunlara bu şəraiti yaradan universitet rəhbərliyinə, xüsusilə ATU-nun rektoru, professor Gəray Gəraybəyliyə dərin təşəkkürlərini bildiriblər.
Rəsmi hissə başa çatdıqdan sonra məzunlar restoranda toplaşaraq, bu xoş günün sevincini bölüşüb, xatirə şəkilləri çəkdiriblər.