ATU-nun teatr klubu məşq otağı ilə təmin olunub

Bu günlərdə Azərbaycan Tibb Universitetinin “Təbib” Tədris İdman Sağlamlıq Mərkəzinin binasında “Həyat” teatr klubunun yeni otağı istifadəyə verilib. Tədbirdə ATU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Qoşqar İsmayılov və “Təbib”in sədri Qələndər Aslanov iştirak ediblər.

Q.İsmayılov bildirib ki, ATU rəhbərliyi başda rektor, professor Gəray Gəraybəyli olmaqla, tələbələrimizin asudə vaxtının səmərəli keçirilməsinə böyük diqqət yetirir. THİK-in nəzdində bir çox klublar fəaliyyət göstərir, onlardan biri də yaradıcı gənclərdən ibarət olan “Həyat” teatr klubudur. Yeni məkanda tələbə-aktyorlarımızın məşğələləri keçiriləcək, kiçik tamaşalar təqdim ediləcək. Görülən işlər klubun fəaliyyətini daha da genişləndirəcək.

Açılışdan sonra teatr klubunun sədri Dilbər Rahim məlumat verib ki, Müalicə-profilaktika fakültəsinin tələbəsi İlahə Əliyeva tanınmış fransız dramaturqu Jan Koktonun “İnsan səsi” monopyesini təqdim edəcək. İstedadlı tələbəmizin çıxışı böyük maraqla qarşılanıb.