İyulun 10-11-də Bakıda Dünya Neyroreabilitasiya və Avropa Neyroreabilitasiya federasiyalarının regional görüşü, həmçinin Nevrologiya üzrə 19-cu Beynəlxalq Yay Məktəbi keçirilib.
Avropa və Asiya ölkələrindən tanınmış mütəxəssislərin iştirak etdiyi konqresdə əsas müzakirə mövzusu dünyada neyroreabilitasiyanın inkişafı, insult keçirmiş xəstələrin reabilitasiyasının təşkili istiqamətində yeniliklərin tətbiqi olub.
Konqresə qatılan azərbaycanlı mütəxəssislər hazırda ölkədə insultun diaqnostikası, müasir müalicəsi və reabilitasiyasının vəziyyəti haqqında məlumat veriblər. Eyni zamanda Azərbaycanda neyroreabilitasiyanın təşkilinin səviyyəsini yüksəltmək yolları, bu istiqamətdə kadr hazırlığının əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
Konqresə Dünya Neyroreabilitasiya Federasiyasının üzvü kimi qatılan ATU-nun professoru Sədaqət Hüseynova “İnsultdan sonraki xəstələrin neyroreabilitasiyasının Azərbaycanda cari vəziyyəti” mövzusunda məruzə ilə çıxış edib və geniş dəyirmi masa müzakirəsində xüsusi fəallıq göstərib.