Təşkilatçılar sırasında yer alan Azərbaycan Tibb Universiteti, eyni zamanda tədbirdə geniş şəkildə təmsil olunub
Sentyabr 5-8-də Türkiyənin İstanbul şəhərindəki Yeditepe Universitetində Türk Dövlətlərinin I Tibb Konqresi (II Tibbi Forum) keçirilib. Azərbaycan Tibb Universiteti və Azərbaycan Endoskopik və Laparoskopik Cərrahlar Cəmiyyətinin də təşkilatçılar sırasında olduğu tədbirdə Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti və Türkmənistandan bir çox universitet və tibb cəmiyyətlərinin nümayəndələri iştirak edib.
Konqresin açılış mərasimində təşkilat komitəsinin koordinatoru, professor Erkut Attar, Yeditepe Universitetinin rektoru, konqresin həmsədri, professor Canan Aykut Bingöl, universitetin qurucusu Bedreddin Dalan, Naxçıvan Dövlət Universitetinin rektoru, konqresin həmsədri Elbrus İsayev, Səmərqənd Dövlət Tibb Universitetinin rektoru, professor Cəsur Rzayev, KKTC Yakın Doğu Universitetinin rektoru, professor Tamer Şanlıdağ, Bişkek Beynəlxalq Tibb İnstitutunun rektoru, professor Samigullina Alfiya, Asfendiyarov adına Qazax Milli Tibb Universitetinin prorektoru, professor Abılay Baimaxanov, Daşkənd Pediatriya Tibb İnstitutunun prorektoru, professor Səidə Səidxocayeva, Türkmənistan Dövlət Tibb Universitetinin prorektoru, professor Ayboleki Taçmuxəmmədova, Azərbaycan Tibb Universitetinin prorektoru, professor Rauf Bəylərov və konqresin məsul katibi, Azərbaycan Endoskopik və Laparoskopik Cərrahlar Cəmiyyəti İdarə Heyətinin sədri, professor Müşviq Həsənov çıxış ediblər.
ATU-nun rektoru, professor Gəray Gəraybəylinin salamlarını konqres iştirakçılarına çatdıran R.Bəylərov belə bir mötəbər tədbirin təşkilatçıları sırasında yer almağın qürurverici oldugunu deyib. Bildirib ki, bu konqres türk dünyasının tibb sahəsindəki əməkdaşlığını möhkəmləndirmək, ortaq problemlərə həll yolları tapmaq və tibb təhsilini daha yüksək səviyyəyə qaldırmaq baxımından mühüm əhəmiyyət kəsb edir: “Bugünkü konqres tibb sahəsində qabaqcıl elmi nailiyyətlərin paylaşılması, yeni texnologiyaların tətbiqi, həmçinin türk dünyasında tibbin inkişafı üçün ortaq strategiyaların müəyyənləşdirilməsində bir platformadır. Biz inanırıq ki, bu tədbirin sayəsində türk dünyasının tibb sahəsindəki potensialı daha da genişlənəcək və birgə səylərimizlə gələcək nəsillərə daha sağlam və rifahlı bir cəmiyyət bəxş edəcəyik”.
Konqresdə çıxış edən Müşviq Həsənov Azərbaycan Endoskopik və Laparoskopik Cərrahlar Cəmiyyətinin bir tibb təşkilatı olaraq bu cür tədbirlərin təşkilində fəaliyyətini davam etdirəcəyini diqqətə çatdırıb. Eyni zamanda, tibb cəmiyyətləri arasında əlaqələrin gücləndirilməsi üçün elmi-tədqiqat və konqreslərin təşkili istiqamətlərində əməkdaşlıq layihələrinə daha geniş dəstək verilməsinin vacibliyini vurğulayıb.
Açılış tədbirinin bədii hissəsində Azərbaycan və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova, “Qarabağ” muğam qrupunun rəhbəri, xalq artisti, Azərbaycan Milli Konservatoriyasının professoru Mənsum İbrahimovun rəhbərliyi ilə muğam heyəti, türk sənət musiqisinin solistləri Eda Karaytuğ, İlker Çelik, Nigar Akan və digər sənətçilərin ifalarında konsert proqramı təqdim olunub.
Daha sonra konqres öz işini bir neçə gün ərzində bölmə iclasları ilə davam etdirib.
Məlumat üçün bildirək ki, universitetimiz Türk Dövlətlərinin I Tibb Konqresində geniş tərkibdə təmsil olunub. Yuxarıda adları çəkilən əməkdaşlarımızla yanaşı, I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov, Klinik allerqologiya və immunologiya kafedrasının müdiri, əməkdar həkim, professor Lala Allahverdiyeva, ATU-nun Tədris Cərrahiyyə Klinikasının professoru, Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri Vaqif Qələndər, Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, professor Çingiz Rəhimov, Şüa diaqnostikası və terapiyası kafedrasının müdiri, professor Məlahət Sultanova və digər əməkdaşlar, o cümlədən tələbələrimiz bu mötəbər tədbirin iştirakçıları olub.