Türkiyənin İzmir şəhərində “Avrasiyanın biomüxtəlifliyinin qorunması” mövzusunda II Beynəlxalq konfrans keçirilib. Zəngin proqrama malik konfrans üç gün davam edib. Tədbirə Azərbaycan, Türkiyə, Özbəkistan və Qırğızıstandan nümayəndələr qatılıb.
Azərbaycandan 23 alimin iştirak etdiyi tədbirə biomüxtəlifliyin, fotosintetik orqanizmlərin, göbələk və bakteriya kimi mikroorqanizmlərin mühafizəsi, su ekosistemlərinin monitorinqi, iqlim dəyişikliyi kimi mövzularda ümumilikdə 110 məruzə təqdim olunub.
Azərbaycan Tibb Universitetinin Biokimya kafedrasının müdiri, professor Gülnarə Əzizova beynəlxalq konfransda “İkinci tip şəkərli diabet zamanı oksidativ stresin təsiri, sitokinlar və antimikrob peptidlərlə qarşılıqlı əlaqəsi” mövzusunda çıxış edib. Əməkdaşımızın çıxışı böyük maraqla qarşılanıb, o, çoxsaylı sualları cavablandırıb.
Bununla yanaşı, nümayəndə heyətimiz bölmə rəhbəri professor Cenk Selçuki və fakültə rəhbəri professor Dinçer Ayaz ilə görüşlər keçirib. Onların iştirakı ilə türk dövlətlərinin Biokimyaçılar cəmiyyətinin yaradılması planlaşdırılır. Təşkilat komitəsinin üzvlərindən biri Azərbaycan olacaq. Onu da qeyd edək ki, Azərbaycan Tibb Universitetinin Ege Universiteti ilə əməkdaşlıq memorandumu var.
Konfransın bağlanış mərasimində Azərbaycan nümayəndə heyətinin yüksək səviyyədə çıxışı xüsusi vurğulanıb. Ümumən Azərbaycan alimlərinin 70 məruzəsi konfransın materialları toplusuna daxil edilib.