Psixiatriya və psixologiya sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli ilə Kanadanın Ontario əyalətinin Psixi sağlamlıq və asılılıq problemləri üzrə nazir müavini Michael Tibollo arasında görüş keçirilib.
Kanadalı nazir müavini Azərbaycana gəlişindən məmnunluğunu bildirib. O öz ölkəsində insanların mental sağlamlığının qorunması istiqamətində görülən işlərdən, psixoloji mərkəzlərin fəaliyyətindən, bullinglə üzləşmiş məktəblilərə mənəvi dəstəkdən və psixoloji yardımın növlərindən danışıb. Qonaq bu sahədə beynəlxalq əməkdaşlığın və qabaqcıl təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.
Professor G.Gəraybəyli qonağa Azərbaycanda son illərdə psixiatriya və psixologiya sahəsində görülən işlər, əldə edilmiş uğurlar, bu istiqamətdə müxtəlif beynəlxalq qurumlarla əməkdaşlıqlar və birgə keçirilən layihələr haqda məlumat verib. Qeyd olunub ki, ölkəmizdə əhalinin sağlamlığının qorunması məqsədilə mütəmadi işlər görülür və dövlət tərəfindən müvafiq qanunlar qəbul edilir. Rektor ATU-dakı təhsil sistemi, psixiatriya və psixologiya üzrə səriştəli kadrların hazırlanması haqqında danışıb.
Eyni zamanda Azərbaycanın baş psixiatrı olan professor G.Gəraybəyli, ölkəmizdə bu sahənin daha da müasirləşməsinin hədəfdə olduğunu nəzərə çatdırıb.
Daha sonra gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub və müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsinin III ərazi şöbəsinin nümayəndəsi Fidan Rüstəmzadə iştirak edirdilər.