ATU-nun fakültələrində I kursa qəbul olunan tələbələrlə tanışlıq görüşləri keçirilib

Hər il olduğu kimi, tədris ilinin başlanması münasibətilə sentyabrın 13-də Azərbaycan Tibb Universitetinə yeni qəbul olunmuş tələbələrlə tanışlıq xarakteri daşıyan ənənəvi görüşlər keçirilib. Görüşlərdə fakültə dekanları, dekan müavinləri, eləcə də tələbə sevincini yaşayan gənclərin valideynləri iştirak ediblər.

I Müalicə-profilaktika fakültəsinin dekanı, dosent Elşad Novruzov tələbə adını qazananları və onların valideynlərini təbrik edib, ürək sözlərini dilə gətirib. Dekan tələbəlik həyatı və tədrislə bağlı bir sıra zəruri məsələləri diqqətə çatdırıb və onları nizam-intizamlı olmağa çağırıb. Görüş iştirakçılarına universitetin tədris binaları, klinikaları, yataqxanaları, idman kompleksi, elektron saytı, qəzeti və kitabxanası haqqında ətraflı məlumat verən E.Novruzov, gənclərə təhsil alacaqları fakültənin kafedraları, professor-müəllim heyəti və eləcə də elmi-pedaqoji nailiyyətləri haqda söhbət açıb.

I kurs tələbələri universitetin daxili qaydaları, tədris sistemi, imtahan prosesi, ali məktəbdə son illərdə aparılan islahatlar barədə də məlumatlandırılıb.

***

II Müalicə-profilaktika fakültəsinin dekanı, dosent İsrail Məhərrəmbəyli də tələbələri və onların valideynlərini təbrik edərək, gələcək həkimlərə ATU-dakı təhsil prosesi, daxili qaydalar haqqında danışıb. İ.Məhərrəmbəyli həkim peşəsinin nə qədər müqəddəs və məsuliyyətli peşə olmasından söhbət açıb.

Görüşdə tibb elmi və II Müalicə-profilaktika fakültəsinin fəaliyyətindən bəhs edən tanıtım çarxı nümayiş olunub, tələbələrə zəruri məlumatlar verilib.

***

Növbəti görüş İctimai səhiyyə fakültəsinə qəbul olunan tələbələr və onların valideynləri ilə keçirilib. Fakültənin dekanı, dosent Qalina Qəniyeva və dekan müavini Nailə Məmmədova tələbələrə boloniya kredit sistemi, qiymətləndirmə, kredit borcu və s. barədə ətraflı məlumat veriblər. Onlar tələbələrin gələcəkdə savadlı və peşəkar həkim kimi yetişməsi üçün daim öz üzərilərində işləməsinin vacibliyini söyləyiblər. ATU-nun mövcud maddi-texniki bazası, ictimai təşkilatları, daxili intizam qaydaları, aparılan mühazirələr, praktiki seminarlar və imtahan prosesi barədə də tələbələr hərtərəfli məlumatlandırılıb. Onlar I kurs tələbələrini ilk gündən dekanlıqla səmimi ünsiyyət qurmağa, universitetin ictimai həyatında fəal iştirak etməyə çağırıblar.

***

Stomatologiya fakültəsinin dekanı, dosent Elmira Əliyeva universitetimizə yeni qəbul olunmuş tələbələri təbrik edərək, onlara uğurlar arzulayıb. Dekan fakültənin tərkibində olan kafedraların fəaliyyəti, tədris prosesinin təşkili, nizam-intizam qaydaları haqqında məlumat verib. O, tələbələri dərslərə ciddi hazırlaşmağa, hər zaman yeni biliklərə açıq olmağa çağırıb.

Fakültə nümayəndələri tələbələri müxtəlif məsələlərlə bağlı məlumatlandırıb, onların suallarını cavablandırıblar. Görüşdə gələcəyin diş həkimlərinə stomatologiya sahəsinin insanların həyatındakı mühüm rolundan bəhs edilib.

***

Daha bir görüş Əczaçılıq fakültəsinin yeni tələbələri ilə keçirilib. Fakültənin dekanı, dosent Fərəh Mədətli gəncləri təbrik edərək, bu şərəfli peşəyə yiyələnmək yolunda onlara uğurlar diləyib.

Dekan tələbələrə ATU-nun, o cümlədən Əczaçılıq fakültəsinin keçdiyi tarixi inkişaf yolu barədə məlumat verib. O, 1938-ci ildə görkəmli dövlət xadimi Əziz Əliyev tərəfindən Azərbaycanda Əczaçılıq İnstitutunun yaradıldığını xatırladaraq bildirib ki, qonşu dövlətlər arasında yeganə ölkə idik ki, əczaçılıq təhsili üçün ayrıca bir institut təsis olunmuşdu. 1942-ci ildən Əczaçılıq İnstitutu Tibb İnstitutunun nəzdində fakültə kimi fəaliyyətini davam etdirir. Universitetimizin beynəlxalq akkreditasiyadan keçməsinin üstünlüklərindən də danışan fakültə dekanı məhz bu səbəbdən diplomlarımızın bir çox xarici ölkələrdə tanındığını diqqətə çatdırıb.

Yeni tələbə adını qazanmış gənclər dərs keçəcəkləri tədris korpusları, universitet klinikaları, dərs prosesi, imtahan sistemi haqqında da məlumatlandırılıb. Onlara içərisində tələbə bileti, müqavilənin bir nüsxəsi və universitetin himni olan konvertlər təqdim edilib.

Qeyd edək ki, görüşlərdən sonra I kurs tələbələri və onların valideynləri fakültə əməkdaşlarının müşayiəti ilə universitet şəhərciyini gəzib, tədris korpusları və auditoriyalarla əyani tanış olublar.