Kursantlar vətənə sədaqət andı içiblər

Sentyabrın 14-də Mərkəzi Hərbi Klinik Hospitalın ərazisində ATU-nun Hərbi tibb fakültəsinin kursantlarının andiçmə mərasimi keçirilib. Şəxsi heyətin düzülüşü barədə məruzə edildikdən sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himnimiz səsləndirilib.

Təntənəli andiçmə mərasimini Hərbi tibb fakültəsi rəisinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə baş köməkçisi, polkovnik-leytenant Yaqub Qasımov açaraq təbrik nitqi üçün sözü fakültənin rəisi vəzifəsini icra edən tibb xidməti polkovniki Məharət Rzayevə verib. İlk növbədə ATU-nun rektoru, professor Gəray Gəraybəylinin və Milli Müdafiə Universitetinin rektoru, polkovnik Gündüz Əbdülovun salamlarını və təbriklərini tədbir iştirakçılarına çatdıran polkovnik M. Rzayev fakültənin hərbi həkim ixtisası hazırlığı kursunun V kursu və feldşer hazırlığı kursunun I kursu olaraq hərbi and içən gənc kursantları öz adından da təbrik edərək onların hər birinə cansağlığı, ailə xoşbəxtliyi arzulayıb. 

Azərbaycan ordusunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması üçün görülən işlərdən danışan polkovnik, orduda yüksəkixtisaslı peşəkar həkimlərə ehtiyac olduğunu nəzərə alaraq, ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə 25 may 2000-ci ildə Azərbaycan Tibb Universitetinin nəzdində Hərbi tibb fakültəsinin yaradıldığını xatırladıb. Bildirib ki, fakültənin məzunları öz bilik, bacarıq və təcrübələrindən istifadə edərək hərbi qulluqçulara zəruri tibbi yardım göstərirlər. 

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti və qətiyyətli idarəetməsi, rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsinin möhtəşəm qələbə ilə başa çatdığını söyləyən polkovnik, bu qələbənin əldə olunmasında hərbi həkim personalının xidmətlərini də yüksək qiymətləndirib: “Ordumuzun daha da qüvvətli olması üçün onun sıralarına yeni nəfəs, yeni ruh və döyüş əzmi gətirilməlidir. Düşmən həmişə hiss etməlidir ki, siz hər sahədə ondan üstünsünüz. Vətənə sədaqətiniz, ana torpağa, ailəyə bağlılığınız, xalqımıza və dövlətimizə məhəbbətiniz sonsuzdur”.

Hərbi Həkim İxtisası Hazırlığı kurslarının V kurs kursantı Fazil Umudzadə hərbi and içərkən onlara nə qədər böyük və şərəfli bir iş tapşırıldığını yaxşı anladıqlarını deyib: “Ordu dövlətin ən mühüm atributudur. Orduda xidmət etmək, vətənin keşiyində durmaq, onun ərazi bütövlüyünü, suverenliyini qorumaq hər bir vətəndaşın borcudur. Biz gənc kursantlar Hərbi anda, xalqımıza və vətənimizə həmişə sadiq olacaq, insanların sağlamlığı yolunda əlimizdən gələni əsirgəməyəcəyik”. 

Hərbi andı qəbul edən kursantların valideynləri adından ehtiyatda olan polkovnik-leytenant Kamran Nəsibov çıxış edərək, oğlu Kənanın hərbi həkim peşəsini seçməsindən qürur duyduğunu, gənc kursantların Azərbaycan ordusunda hərbi həkim kimi çalışmaqla valideynlərinin başını uca edəcəklərinə əminliyini vurğulayıb.

Andiçmə mərasimində kursantların valideynləri və doğmaları da iştirak ediblər.

Hərbi tibb fakültəsinin bütün tədbirlərinə böyük həvəslə qatılan Tibbi mikrobiologiya və immunologiya kafedrasının müəllimi Səidə Hacıyeva kursantların vətənə sədaqət andı içməsi anlarının onda xüsusi fəxarət hissi yaratdığını söyləyib.