Ədalət təmsilçimiz avropanın ən yaxşı hakimi seçildi

 Sentyabrın 6-8-də Rumıniyanın Kluj Napoka şəhərində Kyokuşin karate üzrə Avropa çempionatı keçirilib. Çempionatda 25 ölkədən 400-dən çox idmançı iştirak edib.

Ölkəmizi hakim və rəsmi nümayəndə kimi beynəlxalq dərəcəli hakim Qələndər Aslanov, idmançı olaraq qadınlar arasında yığma komandanın üzvü Aygün Əsədli 55 kq çəki dərəcəsində təmsil edib.

   İdmançımız Aygün Əsədli bütün rəqiblərinə qalib gələrək Kyokuşin karate üzrə qadınlar arasında ilk Avropa çempionu adını qazanıb.

 Ədalət təmsilçimiz Qələndər Aslanov Beynəlxalq Kyokuşin-kan Karate Təşkilatının prezidenti Royama Hatsuo və Baş Hakimlər Komitəsinin sədri Akira Koyama tərəfindən Avropada "Ən Yaxşı Hakim" seçilib və xüsusi hədiyyə ilə təltif olunub.

Q. Aslanov  hakimliyi dövründə dördüncü dəfədir (İlk dəfə 2012-ci ildə Rusiyada, 2016-cı ildə Türkiyədə, 2019-cu ildə İranda və 2024-cü ildə Rumıniyada) ki, Avropada və dünya çempionatlarında “Ən Yaxşı Hakim” seçilir. Belə hakimlik nəticəsi Azərbaycanın karate tarixində bir ilkdir.

Ədalət təmsilçimizin dediklərinə görə, Beynəlxalq Kyokuşin-kan Karate Təşkilatının prezidenti cənab Hatsuo Royama bildirib ki, “Hər Avropa və dünya çempionatından sonra ona çoxlu şikayət məktubları gəlib. Yazdıqlarında qeyd olunub ki, Qələndər Aslanovu beynəlxalq dərəcəli hakimlikdən uzaqlaşdırın, ona final görüşlərinin hakimliyini verməyin, mərkəzə buraxmayın, o düzgün hakimlik etmir, millətçilik edir, qərəzlidir və sairə. Deyir, mən cavab olaraq onlara yazırdım ki, yazdıqlarınızı sübut edin, faktları göstərin. Mən hər şikayət məktubundan sonra növbəti yarışlarda sənin hakimliyinə daha çox diqqət etməyə başladım və gördüm ki, onların dediklərinin heç bir əsası yoxdur və tam əksidir. Sənin hakimliyində heç bir qərəzçilik, millətçilik görmədim, hər şey beynəlxalq qaydalara uyğundur”.

 Q. Aslanov cənab Royamadan məktubların kim tərəfindən yazıldığını soruşub, əvvəlcə demək istəməsə də, sonra onların adlarını çəkib. Məlum olub ki, adları çəkilənlər Rusiyada yaşayan erməni milliyyətindən olan idmançılardı: “Hansı ki, mən onların döyüşlərində dəfələrlə hakimlik etmişəm və haqlı məğlub olan da olub, qalib olanlar da. Buna baxmayaraq, hər dəfə məndən şikayət ediblər. Özüm sosial şəbəkələrdə bunun şahidi olsam da, düşünürdüm ki, beynəlxalq təşkilat da bu yazılanları görür, əgər onların dediyi həqiqət olsaydı, mənə rəsmi dəvətlər gəlməzdi və hakimlikdən uzaqlaşdırardılar. Dünyanın harasında oluramsa olum, ölkəmin üçrəngli bayrağını hər zaman uca tutmağa çalışmışam və bununla fəxr edirəm”.