QS beynəlxalq reytinq agentliyinin iştirakı ilə təlim təşkil olunub

Sentyabrın 18-19-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı və QS beynəlxalq reytinq agentliyinin regional direktoru Sergey Xristolyubovun iştirakı ilə ali təhsil müəssisələrinin beynəlxalq reytinqlər üzrə məsul şəxsləri arasında növbəti təlim və komanda quruculuğu görüşü baş tutub.

Açılış nitqi ilə çıxış edən Dövlət Agentliyinin direktoru Ülkər Səttarova əsas hədəfin yerli universitetlərin beynəlxalq reytinqlərdəki mövqeləri deyil, müəssisələrin daxilində təhsil və elmi prosesləri əks etdirməsi olduğunu bildirib. Eyni zamanda beynəlxalq reytinqlərdə iştirakın ali təhsil müəssisələrinin beynəlxalq nüfuzunun artırılması üçün yaratdığı imkanların və qarşıda duran hədəflərə nail olmaq üçün təhsil müəssisələri arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Direktor qeyd edib ki, ali təhsil müəssisələrinin siyasətinin və uzunmüddətli strategiyasının müəyyənləşdirilməsi üçün beynəlxalq reytinqlərdə iştirak nəticəsində üzə çıxan təhlillər vacib amillərdən biridir. 

QS agentliyinin regional direktoru S.Xristolyubov “Ali təhsil müəssisələrinin qlobal rəqabətə davamlılığının artırılmasında reytinqlərin rolu” mövzusunda təqdimatla çıxış edib və Azərbaycan üzrə təhlil məlumatlarına əsaslanan hesabatları diqqətə çatdırıb. Tədbirdə ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev və İnnovasiya və keyfiyyətin idarə olunması şöbəsinin müdiri Aygün Babayeva iştirak ediblər.

Görüşdə reytinq göstəriciləri üzrə mövqelərin yaxşılaşdırılması üçün yaradılan imkanlar və prosesdə ortaya çıxan çətinliklər barədə geniş müzakirələr aparılıb. Sonda sessiya iştirakçılarına sertifikatlar verilib.

Qeyd edək ki, “Beynəlxalq görünürlük, beynəlmiləlləşmə və inkişaf” mövzularında məlumatlılığın artırılması məqsədilə təşkil olunmuş sessiyada 30 ali təhsil müəssisəsindən nümayəndələr iştirak edib.