Türkiyənin Süleyman Demirel Üniversitetinin rektoru, professor Mehmet Saltan Azərbaycan Tibb Universitetinin qonağı olub. ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilə görüşdə iki universitet arasındakı əlaqələrin inkişafı, ortaq layihələrin reallaşdırılmasının əhəmiyyətinə dair fikir mübadiləsi aparılıb.
ATU-nun rektoru, professor Gəray Gəraybəyli Azərbaycanın qocaman və tibb təhsili verən yeganə ali təhsil ocağının fəaliyyəti, son illər aparılan islahatlar, yeni yaradılan ixtisaslar və yenilənmiş proqramlarla bağlı qonağa ətraflı məlumat verib. O, iki universitet arasında mövcud əməkdaşlıq sazişinin əhatə dairəsini genişləndirilməsinin, müştərək elmi tədqiqatların sayının artırılması, tələbə mübadilələrinin gücləndirilməsi və digər bu kimi təşəbbüslərin tərəfdarı olduğunu bildirib.
Süleyman Demirel Universitetinin rektoru, professor Mehmet Saltan 1992-ci ildə yaradılmış bu ali təhsil müəssisəsinin tələbə sayı, elmi tədqiqatları, həm də sosial layihələrinə görə ölkə universitetləri arasında bəlli yerə sahib olduğunu qeyd edib. Qeyd edib ki, Süleyman Demirel Universitetinin Tibb və stomatologiya fakültələri yüksək bilik səviyyəsinə malik, elm dünyasına töhfə verən, səriştəli həkim və akademiklər yetişdirir. Bundan əlavə, SDU-nun tərkibində olan Universitet Xəstəxanası və Stomatologiya Xəstəxanası qabaqcıl cihazlarla təchiz olunmuş klinikaları və laboratoriyaları ilə geniş bir bölgədə səhiyyə xidmətləri göstərir. Professor M.Saltan ATU ilə münasibətlərin dərinləşməsi üçün təkliflərin irəli sürülməsinin önəmini vurğulayıb.