Təhsil krediti ilə bağlı tələbələrlə görüş keçirilib

Sentyabrın 24-də Elm və Təhsil Nazirliyinin nəzdində olan Təhsil Tələbə Krediti Fondunun (TTKF) Təhsil müəssisələri ilə iş şöbəsinin aparıcı mütəxəssisi Aysel Hacıyeva ATU-nun tələbələri ilə maarifləndirici görüş keçirib.

ATU-nun Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev çıxış edərək tələbələrin təhsil haqqını ödəməsi baxımından bu fondun yaradılmasının böyük əhəmiyyət daşıdığını bildirib. Ölkəmizdə insan kapitalının inkişafı ilə bağlı reallaşdırılan bir sıra dövlət proqramlarına toxunan prorektor, sosial dövlət olan Azərbaycanın daxili siyasətinin mərkəzində insan amilinin dayandığını qeyd edib və daha çox həssas ailələrdən olan təhsilalanlara maddi dəstəyin göstərilməsi məqsədinə xidmət edən TTKF-in önəmini vurğulayıb. Əlavə edib ki, bu fondun şərtləri və imkanları sayəsində ödənişli təhsil indi daha əlverişlidir: “Bu gün ölkəmizdə gənclərə və eləcə də ali təhsil müəssisələrində təhsil alan tələbələrə dövlət tərəfindən xüsusi diqqət göstərilir. Hazırda tətbiq olunan sosialyönümlü yeni layihələr, proqramlar da tələbələrimizin ali təhsil zamanı daha uğurlu nəticələr qazanmasına və təhsil prosesində onlara dəstək göstərilməsinə xidmət edir”.

Tədbirdə çıxış edən Aysel Hacıyeva TTKF-in 2021-ci ildə Prezident İlham Əliyevin fərmanı ilə Elm və Təhsil Nazirliyinin tabeliyində yaradıldığını bildirib. O, TTKF-in fəaliyyət istiqamətləri, fonda müraciət qaydaları, təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə geniş təqdimatla çıxış edib. A.Hacıyevanın sözlərinə görə, təhsil kreditlərinin sosial və standart növləri mövcuddur. Sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edə bilərlər. Sosial kredit almaq hüququ olmayan tələbələr isə təhsillərinin birinci tədris ilinin ilk semestrindən (yarımildən) etibarən standart kredit almaq hüququna malikdirlər.

Bildirilib ki, fondun əsas məqsədi ölkədə təhsilin hamı üçün, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığını təmin etməkdir. TTKF-in nümayəndəsi bu sahədə həyata keçirilən layihələr haqqında da ətraflı məlumat verərək tələbələri onlar üçün yaradılan imkanlardan faydalanmağa çağırıb. 

Sonda iştirakçıları düşündürən suallara aydınlıq gətirilib.