Azərbaycan Tibb Universiteti daha bir beynəlxalq tədbirdə uğurla təmsil olunub. ATU-nun əməkdaşı, dosent Nigar Sultanova Avropa Antropoloqlar Assosiasiyasının 23-cü konfransında məruzə ilə çıxış edib.
Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən konfransda dünyanın müxtəlif ölkələrindən olan elm adamları, həkim-genetiklər, antropoloqlar iştirak ediblər. Tədbirin açılışında ABŞ-ın Pensilvaniya Universiteti və Nyu Heven Universitetlərinin professor, dünyanın ən çox istinad edilən alimləri sırasında olan Draqan Primorac məruzə ilə çıxış edib.
Konfransda dosent N.Sultanova "Three - dimensional database of facial anthropometric parameters of Azerbaijan population" mövzusunda doktorluq elmi işinin nəticələrini təqdim edib. ATU-nun əməkdaşı məruzəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan qazıntılar zamanı I Qarabağ müharibəsi zamanı itkin düşmüş hərbçilərin və mülki şəxslərin qalıqlarının tapılmasına dair məlumatı da çatdırıb.