Artıq 4-cü ildir ki, sentyabrın 27-də ölkəmizin hər yerində olduğu kimi, Azərbaycan Tibb Universitetində də Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi böyük ehtiramla yad edilir.
Tibbi mikrobiologiya və immunologiya kafedrasının əməkdaşları anım tədbirini hərbi həkim şəhidlərin xatirəsinə həsr olunmuş stendin önündə keçiriblər. Hərbi tibb fakültəsinin II kurs tələbələrinin də qatıldığı anım tədbirində kafedranın müdiri, professor Həqiqət Qədirova, kafedranın müəllimləri Səidə Hacıyeva və Təranə Süleymanova tarixi Zəfərimizdən, Vətən müharibəsində igid əsgər və zabitlərimizlə bərabər ATU məzunlarının da misilsiz şücaət göstərməsindən qürurla söhbət açıblar. Haqq savaşımızda şəhidlik zirvəsinə ucalan igid Vətən övladlarının xatirəsinin daim xalqımızın qəlbində yaşayacağı vurğulanıb.
Həmçinin İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının kollektivi 1 dəqiqəlik sükut ilə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini böyük ehtiramla yad ediblər.