Stomatologiya fakültəsinin dekanlığı qrup nümayəndələri ilə görüşüb
Sentyabrın 26-da Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsi dekanlığının kurslar üzrə qrup nümayəndələri ilə görüşü keçirilib. Tədbiri giriş sözü ilə Stomatologiya fakültəsinin dekanı, dosent Elmira Əliyeva açıb.
O, tələbələri 2024-2025-ci tədris ilinin başlanması münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıb. Sonra sözü universitetin Tərbiyə işləri üzrə prorektoru, dosent Mahir Səfərova verib. Prorektor tələbələri mühazirələrə gecikməməyə, dərsə davamiyyətə və nizam-intizama ciddi əməl etməyə çağırıb. Bəzi çatışmazlıqlara toxunan prorektor, tələbələrin keyfiyyətli təhsil almasında davamiyyət və nizam-intizamın ciddi faktor olduğunu diqqətə çatdırıb. Eyni zamanda, hansısa problemləri yaranarsa, həmişə onların yanında olacağını və ona müraciət etmələrinisöyləyib: “Yaxşı təhsil almağınız, dərslərinizi yaxşı mənimsəməniz üçün universitetimizdə hər cür şərait yaradılıb. İnanıram ki, sizlərdən bu imkanlardan lazımınca bəhrələnəcək, eyni zamanda nizam-intizam qaydaları ilə bağlı çatışmazlıqları aradan qaldıracaqsınız”.
Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Qoşqar İsmayılov çıxışında rəhbərlik etdiyi qurumun fəaliyyətindən söhbət açıb. Bildirib ki, tələbələrin nizam-intizam qaydaları ilə bağlı məlumatlandırılması, onların asudə vaxtlarının səmərəli təşkili, elmi konfranslarda aktiv iştiraklarının təmin edilməsindəTHİK aktiv rol oynayır: “Komitənin nəzdində 10-dan artıq klub fəaliyyət göstərir. Onlardan “İntellektual oyunlar”, “Teatr”, “Rəsm”, “Kitab” və başqa klubların adlarını çəkə bilərəm. “İntellektual oyunlar” komandamız artıq iki ildir ki, universitetlərarasıoyunlarda birinciliyi qoruyub saxlayır. Universitetin “Hilal” Yardım Cəmiyyətinin vasitəsilə biz hər il vaxtaşırı imkansız insanlara baş çəkir, onları müayinə edir, hədiyyələr veririk. Bundan başqa, dövlət əhəmiyyətli və əyləncəli tədbirlər də təşkil edirik”.
Q.İsmayılov tələbələri bu klublarda, keçirilən tədbirlərdə fəal iştirak etməyə çağırıb.
Dekan E.Əliyeva tələbələrin nizam-intizam qaydalarına riayət etməmələri ilə bağlı faktların olduğunu təsdiqləyib: “Artıq ikinci həftədir dərslər başlayıb, amma hələ də gecikmə halları müşahidə olunmaqdadır. Bəzən tələbələr xalatsız dərslərə gəlir. Eləcə də dərs zamanı telefonla oynayır, yazışır, mühazirələrə fikir vermirlər. İntizamsız tələbələr düşünməsinlər ki, tövsiyə və xəbərdarlıqlarımızdannəticə çıxarmasalar, təhsillərini heç nə olmamış kimi davam etdirə biləcəklər. Məlumat üçün deyim ki, zərurət olarsa, biz məsələni İntizam Komissiyasında qaldıra bilərik. Əgər komissiya onların universitetdən xaric edilmələri barədə qərar qəbul etsə, bir daha universitetə bərpa olunmurlar”.
Dekan müavini Aysel Həşimova aparılan yoxlamalar və kafedralardan alınan məlumatlar haqda danışıb. Qeyd edib ki, bəzi tələbələrin kobud davranışları gözdən yayınmır: “Qrup nümayəndələrindən xahiş edirəm ki, öz tələbə yoldaşlarına davranışlarına diqqət yetirmələrini çatdırsınlar. Əgər hansısa tələbənin müəllimlə bağlı problemi varsa, bu barədə dekanlığa yazılı və şifahi şəkildə müraciət etsin, araşdıraq və problemi aradan qaldıraq”.
Görüş zamanı tələbələri maraqlandıran suallar ətraflıcavablandırılıb, səsləndirilən problemlərin diqqətdə saxlanılacağı bildirilib.