ATU-nun Tədris Cərrahiyyə Klinikasında rəhbərliyin iclası keçirilib

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında müəssisənin rəhbər şəxslərinin iştirakı ilə müzakirələr keçirilib. Tədbirin əvvəlində 27 Sentyabr Anım günü ilə əlaqədar Vətən müharibəsində şəhid olan qəhrəmanların, o cümlədən həkimlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Görüşdə yeni tədris ilinə hazırlıq, klinikanın ayrı-ayrı şöbələri tərəfindən planlaşdırılan işlər haqqında məlumat verilib.  Tədris Cərrahiyyə Klinikasının direktoru, dosent Əsədulla Sultanov yeni tədris ilinə hazırlıqla bağlı görüləcək işlər barədə danışıb, müəssisədə həm müalicə, həm də tədris prosesinin təşkili zamanı nizam-intizam və təhlükəsizlik məsələlərinə toxunub. 
Ümumilikdə görüşdə klinikadakı mövcud vəziyyət, qarşıda duran vəzifələrə dair fikir mübadiləsi aparılıb. Toplantıda çıxış edən Klinika əməkdaşları müəssisənin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təklif və tövsiyələrini səsləndiriblər.