Oktyabrın 1-də Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsinin dekanı, dosent Elşad Novruzovun 2-ci və 3-cü kursların qrup nümayəndələri ilə görüşü olub.
E.Novruzov bildirib ki, bu, semeströncəsi ənənəvi görüşlərdən biridir: “Eyni zamanda, hər hansı bir probleminiz, suallarınız, anlaşılmayan məsələləriniz varsa, biz burada onların müzakirəsini aparırıq. Əgər yerində həll olunası məsələdirsə, həll edir, yox əgər indi mümkün deyilsə, onu nəzarətə götürür, yaxın zamanda aradan qaldırmağa çalışırıq”.
Dekan qarşıdan aralıq qiymətləndirmə imtahanlarının gəldiyini də qrup nümayəndələrinin diqqətinə çatdırıb. Bu il aralıq imtahanlarının noyabrın 23-30-u arası keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib: “Bu müddət ərzində siz fənlər üzrə aralıq qiymətləndirməni verəcəksiniz. Kimsə bunu son tarix olaraq, noyabrın 30-u da bitirə bilər. Əgər noyabrın 30-u bitirərsə, artıq növbəti gündən etibarən dərslərinə davam etməlidir. Yaxud kimsə noyabrın 28-i bitirərsə, 29-dan dərslərinə davam edəcək”.
E.Novruzov görüş zamanı kollokvium mövzularına da toxunub. Bildirib ki, bunlar noyabrın 8-dək keçilən mövzular olacaq: “Kollokviuma mühazirə mövzuları salınmayacaq. Noyabrda bayram günləri ilə əlaqədar olaraq, ayın 12-sinə düşən dərslər 16 noyabrla, 13 noyabra düşən dərslər isə 23 noyabrla əvəzlənəcək.
Kollokviumda iştirak etməyən tələbə üzrlü hesab edilməyəcək. Yəni xəstəliklə bağlı arayış gətirsəniz də, bu nəzərə alınmayacaq. Kollokviumda yığdığınız maksimum bal 40-dır, iştirak etməsəniz həmin fəndən sıfır balla qiymətləndiriləcəksiniz. Sonra həmin şəxsə təkrar şərait yaradılmayacaq.
Nəzərinizə çatdırım ki, iyulun 27-dən etibarən universitetimiz elektron kargüzarlığa keçib. Texniki və ya başqa məsələlərlə bağlı hansısa probleminiz yaranarsa, ərizəni yazıb ümumi şöbəyə təqdim edə bilərsiniz, bundan sonra bütün qurumlar şikayətiniz üzrə ərizənizi cavablandıracaq”.
Dekan xatırladıb ki, 11-22 noyabr tarixlərində Bakıda mötəbər COP29 tədbiri keçiriləcək. Həmin dövrdə dərslərin onlayn formatda keçirilməsi nəzərdə tutulub. Mühazirə məlumatları isə üç dildə amu.edu.az saytında yerləşdiriləcək.
E.Novruzov semestrin son gününün dekabrın 30-u olduğunu da qrup nümayəndələrinin diqqətinə çatdırıb: “Bir həftə öncəyə, yəni 14-cü həftənin sonunadək sərbəst işlərinizi bitirməlisiniz, 15-ci həftənin sonu isə müəllim qiymətlərinizi sistemə yazdırır. Bu barədə məlumat almaq üçün sistemdə özünüzə aid olan hissəyə daxil olur, müəllimin haqqınızda qiymətləndirmə balını ora daxil edib-etmədiyini müəyyənləşdirirsiniz. Əgər balınız yerləşdirilibsə, onu özünüzdə qeyd edib saxlayın. Yoxdursa, bu barədə müvafiq dekan müavininə məlumat verin. Çünki növbəti imtahana gedəndə bəzən məlum olur ki, imtahanqabağı balla bağlı hansısa tələbənin qeydiyyatı aparılmayıb. Bu cür problemlərlə üzləşməmək üçün özünüzə aid olan məlumatın sistemə daxil edilib-edilmədiyini dəqiqləşdirin”.
Dekan, görüş zamanı əcnəbi tələbələrə də öz tövsiyələrini verib. Bildirib ki, sessiya imtahanları gələn il fevralın 1-də başa çatır. 3-4 fevralda isə 25 faiz krediti olanlar imtahan verir. Ona görə də öz ölkələrinə getmək istəyənlərə təyyarə biletlərini fevralın 4-dən sonraya almağı məsləhət görüb.
Elektron davamiyyətdən söhbət açan E.Novruzov bildirib ki, bu il bu sistemdə yeniliklər edilib. Belə ki, əvvəllər tələbələrin davamiyyətini izləmək mümkün olmurdusa, indi bu mümkündür: “Bu dəyişiklik şəffaflığa xidmət edir. Kimin davamiyyətində dərsburaxmalar çox olarsa, limitə yaxınlaşanda onun ad-soyadı avtomatik sarı rəngə boyanır, limiti keçirsə qırmızı rəngdə olur. Ona görə də hamı bilməlidir ki, kiminsə davamiyyətlə bağlı bəhanələri keçməyəcək və kimsə hansısa düzəliş apararsa, sistemdə görünəcək”.
Daha sonra görüş diskussiya şəraitində davam edib, dekan qrup nümayəndələrinin çoxsaylı suallarını cavablandırıb.