Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinin 4-cü kurs tələbələri Fəridə Ağayarlı və Səidə Yaşarlı Çin Xalq Respublikasında olublar. Onlar ATU-nun rəsmi əməkdaşlıq etdiyi Şenzhen Universitetinin Tibb fakültəsində təşkil olunmuş “Molekulyar tibb” üzrə yay məktəbinə qatılaraq dəyərli təcrübə ilə geri dönüblər.
Tələbələrimiz histon modifikasiyaları və DNT təmiri, qocalma prosesinin mexanizmləri, metabolik xəstəliklər və kardiovaskulyar homeostaz, infeksiya və immunitet, vərəmə qarşı immun müdafiə mexanizmləri, nanotibb, aktivləşdirilə bilən xərçəng terapiyası və digər elmi mövzular üzrə tanınmış professorlardan dərslər alıb və tədqiqat bacarıqlarını inkişaf etdiriblər.
Yay məktəbi çərçivəsində tələbələr laboratoriyalarda praktik təcrübələr apararaq, canlı hüceyrələrdə enerji metabolizmini ölçməyi və digər mühüm prosesləri mənimsəyiblər. Bu dərslər onlara nəzəri bilikləri praktik şəkildə tətbiq etməyə imkan verib.
Tələbələrimiz yay məktəbindən böyük təəssüratlarla qayıdıblar. İnanırıq ki, onların əldə etdikləri bilik və təcrübələr gələcək tədqiqat işlərində böyük dəstək olacaq.