“Startaplara ATU ilə başla”
Oktyabrın 4-dən etibarən Azərbaycan Tibb Universitetinin tələbələri üçün “Startaplara ATU ilə başla” layihəsi çərçivəsində təlimlərə start verilib. Elmi departamentin Startap və elmi tədbirlərin koordinasiyası şöbəsinin koordinatoru, təşkilat komitəsinin sədr müavini, dosent Ayət Cəfərova startap layihələrinin mahiyyəti, faydası barədə tələbələrə məlumat verib və onları fəal olmağa çağırıb.
“KarnegiKlub” Treninq Mərkəzinin rəhbəri dr. Nəcəf Allahverdiyev Stomatologiya fakültəsinin tələbələri qarşısında startap layihələri və səhiyyədə marketinqlə bağlı geniş çıxış edib.
Oktyabrın 7-də isə İctimai səhiyyə fakültəsinin tələbələri üçün “İctimai səhiyyə fakültəsində marketinq və startap anlayışı: nəzəriyyədən uğurlu başlanğıca gedən yol” mövzusunda təlim keçirilib. 2-ci kurs tələbəsi Aysu Danyalova bu təlimin də Nəcəf Allahverdyev tərəfindən aparılacağını iştirakçıların diqqətinə çatdırıb.
N.Allahverdiyev öz çıxışında tibbin çox önəmli bir sahə olduğunu qeyd edib. Bunu tibb işçilərinin insan sağlamlığı ilə məşğul olmaları ilə əlaqələndirib: “Gələcəyin həkimləri olan sizlər öz peşənizlə yanaşı, yumşaq bacarıqlarla (soft skills) bağlı bilgilərə də yiyələnməlisiniz. Çünki bu halda pasiyentlərinizə tibbi və estetik marketinq baxımından düzgün yanaşa, gələcəyin yaxşı həkimi ola bilərsiniz”.
Təlimçinin bu mövzuda verdiyi məlumatlar tələbələr tərəfindən böyük maraqla qarşılanıb və tədbir sual-cavabla başa çatıb.
Layihə çərçivəsində təlimlərin müxtəlif fakültələrin tələbələrini əhatə etməklə, oktyabrın 29-dək davam etməsi nəzərdə tutulub.